“Bayern”in baş məşqçisi Tomas Tuxel seneqallı hücumçu Sadio Manenin Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçidi haqda danışıb.
Arena.az bu barədə “FCB Inside” portalına istinadən məlumat verir:
“Bəzən hər şey sənin təsəvvür etdiyin kimi getmir. Mən vidalaşmağın ona acı verdiyini tamamilə başa düşürəm. İkimiz də razılaşdıq ki, hazırda baş verənlər yaxşı deyil, amma bu, həmçinin bütün iştirakçılar üçün hazırkı vəziyyətdə ən yaxşı həll yoludur”, deyə Tuxel bildirib.
Mane “Bayern”ə keçən yay 32 milyon avro müqabilində “Liverpul”dan keçmişdi. Münhen klubu ona böyük ümidlər bəsləyirdi.
Geridə qalmış 2022/2023 mövsümündə Mane “Bayern”in heyətində 38 oyuna çıxıb, 12 qol vurub, 6 məhsuldar ötürmə verib. O, münhenlilərlə Almaniya çempionluğunu qazanıb.
Xatırladaq ki, “Əl-Nəsr” cari yay transfer pəncərəsində Marselo Brozoviç, Aleks Telles və Seko Fofana kimi futbolçuları da heyətinə qatıb. Üstəlik “Əl-Nəsr”in heyətində dünyaca məşhur portuqal superulduz, hücumçu Kristiano Ronaldo da çıxış edir.


