Yurgen Klopp anlayır, Roy Kin isə qınayır: Məhəmməd Salahı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Çelsi” ilə oyunda Məhəmməd Salahın əvəzlənməsinə göstərdiyi narazı qarşılıqdan danışıb.

Arena.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 1-ci turu çərçivəsində baş tutan səfər matçının 77-ci dəqiqəsində Məhəmməd Salah yarımmüdafiəçi Harvi Elliott tərəfindən əvəzləndikdən sonra, meydandan çıxarkən sağ əlindəki sarğını qeyzlə qoparıb.

O, hiddətini ehtiyat oyunçular skamyasında da nümayişkəranə surətdə göstərməyə davam edib. Alman mütəxəssis yetirməsinin müvafiq narazı qarşılığının normal olduğunu hesab edir:

“Mən Məhəmmədin qarşılığını başa düşürəm, çünki o, qol vursaydı, Premyer Liqanın ilk turlarında qol sayına görə yeni rekordu müəyyənləşdirəcəkdi. Amma mən əvəzetməni həyata keçirəndə bu barədə düşünmürdüm. Bizə həmişə yeni qüvvələr gərəkdir. Bu oyun hamı üçün çox gərgin idi.

Salahın narazılığı haqqında deyə biləcəyim tək şey budur. Onun qarşılığı tamamilə normal idi. Əvəz edilmiş oyunçu qol vuracağına əmin olan hücumçu kimi 1:1 hesabında qucağıma atılsaydı, həqiqətən təəccüblənərdim. Və bu tamamilə normaldır”.

Bu arada “Mançester Yunayted”in sabiq, əfsanəvi irland yarımmüdafiəçisi Roy Kin də hadisəyə öz nöqteyi-nəzərini açıqlayıb. “The Mirror” nəşri bu xüsusda Roy Kindən sitat gətirib:

“Düşünürəm ki, bir oyunçu özünü müvafiq surətdə hiss edirsə, normaldır, amma bunu meydandan kənarda əllərin yuxarıda göründüyün halda ehtiyat oyunçular skamyasında davam etdirmə. Sadəcə otur və ağzını yum. Sən bunu qəbul etməlisən. Əsəbləşə bilərsən, yaxşı, amma bunu uzatma. Mən Salahdan da daha yaxşı çox oyunçu görmüşəm – onlar əvəzlənirdi və onlarla hər şey qaydasında idi”, deyə Kin bildirib.

Xatırladaq ki, Premyer Liqanın 1-ci turu çərçivəsində “Stemford Bric”də “Çelsi”yə qarşı oyunda “Liverpul” 18-ci dəqiqədə Luis Diasla hesabı açsa da, 37-ci dəqiqədə “zadəganlar”ın müdafiəçisi Aksel Disasi hesabda bərabərliyi bərpa edib və oyun 1:1 hesabı ilə başa çatıb. Hakim VAR-a görə 29-cu dəqiqədə Məhəmməd Salahın, 39-cu dəqiqədə isə “zadəgan” Ben Çiluelin qollarını hesaba almayıb.

1-ci turdan sonra “Çelsi” və “Liverpul” müvafiq olaraq 10-cu və 11-ci yerləri bölüşürlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: