Qurban Qurbanov və Julio Romao Helsinki zəfərindən danışdılar

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 3-cü təsnifat mərhələsində HJK-ya qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Finlandiya təmsilçisinə doğma meydanda 2:1 hesabıyla qalib gəlmiş Ağdam klubu səfərdə də oxşar nəticəyə imza atmaqla pley-offa yüksəlib.

Matçdan sonra təşkil olunmuş mətbuat konfransında Qurban Qurbanov bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Oyuna yaxşı başlamışdıq. Sadəcə, ilk dəqiqələrdə buraxılan qol futbolçularda ruh düşkünlüyü yaratdı. Çox böyük gərginlik var idi. Amma sonra oyunu ələ almağı başladıq. Yaxşı qalibiyyət oldu.

Çox intizamlı komandaya qarşı oynadıq. Azlıqda qaldılar, yenə məğlub olmaq istəmirdilər. Sona kimi döyüşdülər, mübarizə apardılar. Rəqib öz oyunumuzu istədiyimiz kimi göstərməyə imkan vermədi. Qarşıdakı günlərdə digər oyunlara hazırlaşmalıyıq”.

“Qarabağ”ın yarımmüdafiəçisi Julio Romao da matçdan sonra qələbə təəssüratlarını jurnalistlərlə bölüşüb:

“Matçın çətin keçəcəyini əvvəldən bilirdik. Bu günlər ərzində necə hazırlaşdığımızı meydanda göstərə bildik. Anlayırıq ki, rəqib üçün çətin oldu. Çünki azlıqda qaldılar. Belə halda oynamaq çox çətindir. Amma onsuz da biz yaxşı çıxış edirdik. Qalib gəldiyimiz və mərhələ adladığımız üçün qürurluyuq”.

Romao pley-off mərhələsində “Olimpiya”ya qarşı keçirəcəkləri oyunlar haqqında da fikirlərini bölüşüb: “Avrokuboklarda asan matç olmur. “Olimpiya” ilə görüşlərin də çətin keçəcəyini düşünürəm. Ümid edirəm ki, bu oyunlarda da yaxşı çıxış edərək daha da irəli gedəcəyik”.

Xatırladaq ki, “Qarabağ” Avroliqanın pley-off mərhələsində “Olimpiya” (Lyublyana, Sloveniya) ilə qarşılaşacaq. İlk qarşılaşma avqustun 24-də Lyublyanada olacaq. Cavab matçı isə avqustun 31-də Bakı keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: