Harri Keyn “Bayern”də vurduğu ilk qolundan danışdı

Almaniya çempionu “Bayern”in bu yay transfer etdiyi ingilis mərkəz hücumçusu Harri Keyn Münhen klubunda vurduğu ilk qolundan danışıb.

Arena.az bu barədə “Bayern & Germany” portalına istinadən məlumat verir:

“Xoş axşamdır. Biz ilk qolu tez vurduq, amma bundan sonra asan olmadı. İkinci qolu vurduğum üçün şadam. Sonda əvəzedici kimi meydana çıxmış uşaqlar öz işlərini gördülər.

Təbii ki, mən bir qədər həyəcanlı idim – yeni mühit, yeni komanda. Amma meydanda olan kimi instinkt sözünü dedi. Bu gün biz “Leypsiq”lə oyundakından qat-qat yaxşı idik”, deyə Keyn bildirib.

Xatırladaq ki, avqustun 18-də Bundesliqanın 1-ci turu çərçivəsində “Bayern” səfərdə Bremen “Verder”inin qonağı olub. Almaniya nəhəngi “musiqiçilər”i 4:0 hesabı ilə darmadağın edib. Harri Keyn 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Buna qədər “Bayern” mövsümün ilk oyununda Almaniya Super Kuboku uğrunda görüşdə “Leypsiq”ə gözlənilmədən 0:3 hesabı ilə məğlub olmuşdu.

Cari mövsümdə Keyn “Bayern” heyətində 2 oyun keçirib, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Yeri gəlmişkən, Keyn Almaniya Bundesliqasının tarixinə düşüb. Təcrübəli forvard Bundesliqadakı debüt görüşündə qol və məhsuldar ötürmə ilə yadda qalan ilk ingilis oyunçudur.

Keyn “Bayern”ə cari yay transfer pəncərəsində 100 milyon avrodan çox məbləğ qarşılığında “Tottenhem”dən keçib.

Xəbəri sosial şəbəkələrdə paylaş: