Musa Qurbanlı dubla imza atdı, penaltini qaçırdı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, azərbaycanlı forvard İsveç çempionatının 21-ci turu çərçivəsində baş tutan “Degerfors”la oyunun iştirakçısı olub.

Sözügedən rəqiblə görüş “Yurqorden”in meydanında baş tutub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.

Musa bu görüşə start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib. Komandasının iki qolunu da azərbaycanlı forvard vurub. O, 23 və 34-cü dəqiqələrdə fərqlənməklə komandasının qələbəsində əsas pay sahiblərindən birinə çevrilib. Bununla da Musa İsveç çempionatında qol hesabını açıb. O, “Degerfors”la matçın 58-ci dəqiqəsində penalti vurmaq şansı da qazanıb. Lakin futbolçumuz het-trikə imza atmaq şansını boşa verib. Komandasının ilk qolunun məhsuldar ötürməsini də Musa verib.

Xatırladaq ki, azərbaycanlı forvard bir neçə gün öncə İsveç Kubokunun ikinci seçmə mərhələsi çərçivəsində baş tutan “Sandviken”lə oyunda da həm qol vurmuş, həm də penalti qazanmışdı.

“Yurqorden” bu nəticədən sonra 37 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Musa Qurbanlı iyul ayında “Qarabağ”dan “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 8 oyuna çıxıb, 3 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: