Qurban Qurbanov və Azər Məmmədovdan heç-heçəyə şərh

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Kəpəz”i və Azər Məmmədovu təbrik edirəm, yaxşı mübarizə apardılar. Oyunumuz istədiyimiz kimi alınmadı. Son vaxtlar sıx qrafikdə oynayırıq. Oyunçulara deyəsi bir şey yoxdur. Səhvlərimiz oldu. Bəzən düşünmədiyimiz, istəmədiyimiz nəticələr olur. Qarşıda bizi vacib oyun gözləyir. Komandanı tez toparlamaq lazımdır ki, “Olimpiya”ya qarşı matçda hər şey qaydasında olsun.

Debüt edən Andrey Lunyovun çıxışı normal idi. İlk oyununa çıxmışdı. Zamanla daha yaxşı olacağını düşünürəm. Luka Quqeşaşvilinin komandadan ayrılacağına dair məndə heç bir məlumat yoxdur. Kadi Borgesin icarə əsasında geri qayıtması ilə də bağlı danışığımız olmayıb.

Bəli, əvvəllər bəlkə bu dönəmdə daha yaxşı nəticələrimiz olub. Amma indiki vəziyyəti də nəzərə almaq lazımdır. Futbolçuların üzərinə çox yük düşür. İki gün səfərdə, iki gün burda oluruq. Bunlar heç də asan deyil. Başqa iqlimə adaptasiya oluruq, daha sonra yenidən qayıdırıq Bakıya. Asan deyil. Məşq prossesi pozulur. İki gün səfərdə olanda, normal məşq edə bilmirsən. Amma qarşıdakı günlərdə, aylarda bunu yoluna qoyacağıq. Belə xal itkiləri olanda bəzən sevinirəm. Çünki futbolçu qarşıdakı matçlara daha ciddi hazırlaşır. Görürlər və hamımız da bilirik ki, sıradan komanda yoxdur. Hamıya qarşı tam məsuliyyətlə hazırlaşmalıyıq”.

“Köhlən atlar”ın çalışdırıcısı “Zirə”nin hazırda lider olmasını sürpriz hesab etmədiyini bildirib:

“Buna sevinirəm. Çünki tanıdığım insanlar, məşqçilər var orada. Onların nə qədər əziyyət çəkdiyini görürəm, bilirəm. Rəşad Sadıqov da birincilərdəndir. “Zirə” rəhbərliyi və Rəşad Sadıqov futbolumuza, idmanımıza daha çox fayda vermək haqda düşünürlər. Bəzən çox şeyə sürpriz kimi baxmıram. Çünki bütün ölkələrdə, çempionatlarda komandalar ancaq inkişafa doğru gedir. Hamı oturur, düşünür, hazırlaşır. İstənilən oyunda istənilən nəticə ola bilər. Sevinirəm, “Zirə”yə və Rəşad Sadıqova uğurlar arzulayıram. Çempionat yeni başlayıb. Görünən odur ki, qarşıda maraqlı nəticələr çox olacaq”.

Qurban Qurbanov oğlu Musa Qurbanlının bu gün İsveç çempionatında iki qol vurub, bir məhsuldar ötürmə verməsinə də münasibət bildirib:

“Bu gün oyunlarının olduğundan xəbərim var idi. Amma oyuna baxmamışam. Sabah təkrarını izləməyə çalışacağam. Təbii ki, etdikləri sevindiricidir, buna ancaq sevinirəm. Təkcə oğlumdur deyə yox, azərbaycanlı kimi uğur əldə edəcəksə, buna çox sevinəcəm”.

“Qarabağ”la “Neftçi”dən xal almağımız mənim üçün də gözlənilməz oldu”

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov isə qarşılaşmadan sonra jurnalistlərlə görüşündə bunları dilə gətirib:

“Qarabağ” Azərbaycanın bir nömrəli komandasıdır. Azərbaycanı Avropada möhtəşəm təmsil etdiyinə görə, “Kəpəz” adından “Qarabağ” rəhbərliyinə, Qurban Qurbanova təşəkkür etmək istəyirəm. Onlar bizi Avropada tanıdırlar. Matçın favoriti “Qarabağ” idi. Gözlənilirdi ki, qalib gəlsinlər. Amma futboldur, futbol getdikcə bərabərləşir. Futbolçularımın bu gün möhtəşəm oyununu xüsusi qeyd etməliyəm. Oyun intizamından qopmadılar, nə tapşırıq vermişdiksə, yerinə yetirdilər. Bəzi çatışmazlıqlar olurdu. Oyunu əks-hücumlarda qurmuşduq. Bunlardan birində qolumuzu vurduq. Gəncədən bura gəlib, bizi tək qoymayan azarkeşlərimizə də təşəkkür etmək istəyirəm.

Futbolçular kollektiv şəkildə çalışırlar, meydanda mübarizə aparırlar. Rəqiblərdən ustalıq baxımından geri qalırıq. Amma heç kimə asan təslim olmuruq. “Qarabağ”la matçda 1, “Neftçi”yə qarşı görüşdə 3 xal qazanmışıq. Halbuki, bunları heç kim gözləmirdi. Bu xallar mövsümün sonunda komandamız üçün faydalı olacaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: