Azərbaycan millisinin və İsveçin “Yurqorden” komandasının hücumçusu Musa Qurbanlı “Degerfors”a qarşı keçirdikləri oyundan danışıb.
Arena.az xəbər verir ki, o, İsveç çempionatının 21-ci turu çərçivəsində baş tutan və 4:1 hesablı qələbəyə sevindikləri səfər matçından sonra bunları söyləyib:
“Bu, əla bir oyun idi. İsveçə gələndən bunu xəyal edir və gözləyirdim. Heyrətamiz idi. Gözəl hisslər keçirirəm. Azarkeşlərin bizə belə gözəl dəstəyi məni sevindirir”.

Komandasının qələbəsinə iki qol və bir məhsuldar ötürmə ilə töhfə verən 21 yaşlı hücumçu 58-ci dəqiqədə penaltini qola çevirə bilməməsinə də münasibət bildirib: “Bu, gözlənilməz oldu. Het-trik mükəmməl olardı. Bir gün əvvəlki məşqdə 15-20 dəqiqə penaltilər üzərində çalışdım. Əlimdən gələni etsəm də, zərbəni qola çevirə bilmədim. İki qol da pis deyil”.
O, matçdan sonra azarkeşlərlə birgə mahnı oxumaları barədə də danışıb: “Mən bilmirdim nə oxuyum. Uşaqlar dedi ki, oxumaq lazımdır. Bunun nəyə görə edildiyindən xəbərsiz idim. Komanda yoldaşlarım mənə izah etdilər. Azarkeşlərimiz sevinəndə biz də sevinirik. Onlarsız futbolun ehtirası olmaz. Biz fanatlarımızın xoşbəxt olması üçün əlimizdən gələni edirik”.

Musa Qurbanlı AİK-lə “Yurqorden” arasındakı rəqabət haqda da danışıb: “Bilirəm ki, bu, böyük derbi və rəqabətdir. Mən onu da bilirəm ki, bəzən fanatlar arasında dava da olur. Futbolun gözəlliyi həm də belə rəqabətdədir. Bu cür qarşılaşmalar dünyanın hər yerində var. “El klasiko”nu, Argentinada “Buka Xuniors”la “River Pleyt” arasındakı oyunları misal göstərmək olar”.


