Bukayo Saka – ötən mövsümün ən yaxşı gənc oyunçusu!

Peşəkar Futbolçular Assosiasiyası (PFA) “Arsenal”ın sağ cinah vingeri Bukayo Sakanı 2022/2023 mövsümünün ən yaxşı gənc futbolçusu seçib.

Arena.az xəbər verir ki, Saka ən yaxşı gənc oyunçu mükafatına hətta “Mançester Siti”nin norveçli qolçusu Erlinq Halandı üstələyərək layiq görülüb.

Səsvermədə digər namizədlər arasında Sakanın həmklubu, braziliyalı Qabriel Martinelli, “Aston Villa”dan Ceykob Remzi, “Brayton”dan Evan Ferqyuson və hazırda “Çelsi”də çıxış edən, “Brayton”un sabiq futbolçusu Moyses Kaysedo yer alıblar.

Vurğulayaq ki, Saka həmçinin ötən mövsümün ən yaxşı oyunçusu mükafatına namizəd olan 6 futbolçudan ibarət siyahıda yer alıb. Bu mükafata isə Sakanı üstələmiş “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland layiq görülüb.

Geridə qalmış 2022/2023 mövsümündə Saka “topçular”ın heyətində 48 oyuna çıxıb, 15 qol vurub, 11 məhsuldar ötürmə verib.

Bukayo Saka 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 28 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

Sakanın “Arsenal”la müqaviləsi 2027-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı 21 yaşlı Bukayo Sakanı 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: