Bu yay Madrid “Real”ından azad agent kimi ayrılmış Mariano Dias İspaniya La Liqasının digər təmsilçisi “Sevilya”ya keçib.
Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu yeni klubu ilə azad agent kimi 2 illik müqaviləyə imza atıb.
Mariano Dias yeniyetməlik dövründən formasını geyindiyi “Real”dan bu yay azad agent kimi ayrılmışdı. O, bu komandada 84 matça çıxıb. 29 yaşlı hücumçu bu oyunlarda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Mariano Fransanın “Olimpik” (Lion) klubunda da forma geyinib.
“Sevilya” “Lester Siti”nin dayaq yarımmüdafiəçisi Bubakari Sumareni də heyətinə qatıb. La Liqa təmsilçisi 24 yaşlı futbolçunu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Sumare 2021-ci ildən formasını geyindiyi “Lester Siti”dən öncə “Lill”də də çıxış edib, Fransanın aşağı yaş qrupları üzrə yığmalarında forma oynayıb.
“Sevilya”da üç ayrılıq
“Sevilya” sol cinah vingerləri – argentinalı Alexandro “Papu” Qomes və mərakeşli Ussama İdrissi ilə müqaviləsinə də xitam verib.
Qomesin “Sevilya” ilə müqaviləsi 2023/2024 mövsümünün sonuna qədər nəzərdə tutulsa da, yarımmüdafiəçi azad agent statusu alıb.
Ümumilikdə Qomes “Sevilya”nın heyətində 90 oyun keçirib, 10 qol vurub, 6 məhsuldar ötürmə verib. Qomes “Sevilya” ilə 2022/2023 mövsümü Avropa Liqasının qalibi olub.
Qomes 2017-ci ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. Hücumçu yığma komandanın heyətində 2021 Amerika Kubokunun və 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub. Qomes həmçinin Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində keçirilmiş “Finalissima” oyununda qələbəni bayram edib. Qomesin Argentinanın gənclərdən ibarət U-20 yığmasının heyətində də dünya çempionluğu (2007) var.
Qomes karyerası ərzində “Arsenal Sarandi”, “San-Lorenso”, “Kataniya”, “Metallist” (Xarkov), və “Atalanta”da çıxış edib.
Ussama İdrissi isə 2020-ci ilin oktyabrından “Sevilya”da çıxış edirdi. 27 yaşlı futbolçu La Liqa təmsilçisində cəmi 17 matça çıxıb və 3 assistlə yadda qalıb. O, “Alkmar”, “Qroningen”, “Feyenoord”, “Ayaks”, “Kadis” kimi klubların da formasını geyinib. Yarımmüdafiəçi Mərakeş yığmasında da 9 oyun keçirib.
“Sevilya” Xesus Manuel Koronanı (Tekatito) da Meksikanın “Monterrey” klubuna satıb. İspaniya klubu bu satışdan 3,5 milyon avro qazanıb. Korona 2022-ci ilin yanvarından formasını geyindiyi “Sevilya”da 28 oyuna 3 qol və 4 assistlə yadda qalıb. O, daha öncə “Portu” və “Tvente”dən başqa “Monterrey”in də şərəfini qoruyub. 30 yaşlı sağ cinah vingeri Meksika millisində də 71 oyuna çıxıb və 10 qol vurub.


