Musa Qurbanlı 94 dəqiqə oynadı, “Yurqorden” qalib gəldi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, azərbaycanlı forvard bu gün İsveç çempionatının 22-ci turu çərçivəsində baş tutan “Norçöpinq”lə oyunun iştirakçısı olub.

Sözügedən rəqiblə görüş səfərdə baş tutub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Musa bu görüşə start heyətdə başlayıb və 90+4-cü dəqiqədə əvəzlənib.

“Yurqorden” bu nəticədən sonra 40 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Musa Qurbanlı bu ilin iyul ayında “Qarabağ”dan “Yurqorden”ə keçib. 21 yaşlı futbolçu İsveç klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa “Yurqorden”də indiyə qədər 9 oyuna çıxıb, 3 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: