Bu ilin yayında Türkiyənin “Eyüpspor” klubundan ayrılandan bəri işsiz olan nigeriyalı hücumçu Jesse Sekidika “Sabah”a keçib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Azad agent statusuna malik 27 yaşlı sol cinah vingeri ilə 2+1 illik müqavilə imzalanıb.
Jesse Sekidika “Eyüpspor”a “Qalatasaray”dan transfer olunmuşdu. O, bu komandada cəmi 26 oyuna çıxıb, 3 qol və 2 assistlə yadda qalıb. Sekidika “Qalatasaray”da olarkən “Konyaspor” və “Leuven” klublarında da icarədə oynayıb. Ötən mövsüm isə o, “Ümraniyəspor”da da icarədə olub. Daha öncə “Napredak” (Kruşevaç) və “Əskişəhərspor”da oynamış Sekidika, “Sabah”da 70 nömrəli formada çıxış edəcək.

“Sabah” Sekidikadan öncə Rəhman Daşdəmirov, Sofian Çakla, Jarl Marqarita, Vensan Till, Maruan Hadudi və Ayaz Quliyevi də transfer etmişdi. Abdulaye Ba, Zurab Oçiqava, Bəxtiyar Həsənalızadə isə komandanı tərk ediblər. Abdulla Rzayev (“Araz Naxçıvan”), Veysəl Rzayev (“Turan Tovuz”) və Şakir Seyidov (“Kəpəz”) da icarəyə veriliblər. Kristian da Silva isə paytaxt klubu ilə yeni müqavilə bağlayıb.



