Qurban Qurbanov məşqçi kimi 2-ci dəfə qırmızı vərəqə aldı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov məşqçilik karyerasında 2-ci dəfə texniki zonadan kənarlaşdırılıb.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 7-ci turu çərçivəsində keçirilmiş “Qəbələ” – “Qarabağ” oyununa təsadüf edib.

Qəbələdə baş tutan bu oyun kifayət qədər gərgin keçib. Əslində sakit məcrada başlayan qarşılaşmanın əvvəlindəcə qonaq komandanın iki qol vurması intriqanın erkən sonlanmasına işarə idi. Amma ilk hissənin sonlarında qonaq komandanın müdafiəçisi Kevin Medinanın meydan sahiblərinin yarımmüdafiəçisi Bilel Auaşeriyaya qarşı davranışı matçda gərginliyi bir anda tavana çıxarıb. Belə ki, iki futbolçu arasındakı sərt mübarizə dava-dalaşla yekunlaşıb. İkili mübarizə zamanı əsəblərini cilovlaya bilməyən Medina rəqib futbolçunun üzünə zərbə endirib. Bu, nəinki digər futbolçuların, hətta texniki zonada əyləşənlərin də iştirakı ilə dava-dalaşın yaranmasına gətirib çıxarıb.

Qarşılaşmanın baş hakimi Elçin Məsiyev baş verənlərə görə Medinaya əvvəlcə sarı vərəqə göstərib. Lakin o, VAR-dan gələn xəbərdarlıqdan sonra futbolçunun idmançıya yaraşmayan hərəkətlərinin təkrarına baxdıqdan sonra onu birbaşa qırmızı vərəqə ilə meydandan qovub. Referi “Qəbələ”nin məşqçisi Rasim Ramaldanovu da qırmızı vərəqə ilə cəzalandırıb. Hətta “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova da sarı vərəqə göstərilib.

Qarşılaşmanın son dəqiqələrində FİFA referisi daha bir qırmızı vərəqəyə əl atıb. “Qarabağ”ın sürətli əks-hücumu zamanı qayda pozuntusu qeydə alan hakimin oyunu davam etdirməməsi Qurban Qurbanovu özündən çıxarıb. Hakimin qərarına sərt etiraz edən qonaq komandanın baş məşqçisi matçın əsas vaxtının son dəqiqələrində ikinci xəbərdarlıqdan sonra texniki zonadan kənarlaşdırılıb.

Məşqçi karyerası ərzində qarşısında ikinci dəfə qırmızı vərəqə görən təcrübəli mütəxəssis ikinci rəsmi xəbərdarlığın ardından texniki zonanı tərk etmək məcburiyyətində qalıb. O, oyunun qalan hissəsini tribunadan izləyib.

Xatırladaq ki, Qurbanov məşqçilik karyerasında ilk qırmızı vərəqəni 2013-cü ildə, Azərbaycan Premyer Liqasının 2013/14 mövsümünün ilk turunun “İnter” – “Qarabağ” oyununda alıb. Həmin vaxt onu qarşılaşmanın baş hakimi Rəhim Həsənov birbaşa qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırmışdı.

“Qəbələ”də məşqçilərə “qırmızı” ənənə halını alıb

Yeri gəlmişkən, “Qəbələ”də də məşqçilərlə bağlı maraqlı məqam var. Əyalət klubunda ardıcıl 3-cü turdur “texniki zona”dan qovulma qeydə alınır. Belə ki, əvvəlki turlarda baş məşqçi Elmar Baxşıyevlə köməkçisi Xaqani Məmmədov texniki zonadan kənarlaşdırılmışdısa, bu dəfə Rasim Ramaldanov onların aqibətini yaşadı.

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu qonaqların 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: