“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri matç barədə fikirlərini açıqlayıb:
“Futbolçularımı təbrik edirəm. Çox vacib üç xal qazandıq. 90 dəqiqə daha yaxşı futbol göstərmək istəyərdik. Əfsuslar olsun ki, alınmadı. “Qəbələ”yə uğurlar arzulayıram. Ola bilər ki, hesab 2:0 olduqdan sonra bir az arxayınlıq yarandı. Amma biz müdaxilə edirdik ki, bu, ciddi səviyyəyə qalxsın. Rəqibin itiriləcək bir şeyi olmayanda çox aktiv şəkildə riskə gedir. Bəzən buna hazır olmursan və oyunu itirirsən ki, sonradan qaytarmaq çətindir. Qırmızı vərəqəyə qədər hər şey qaydasına düşməyə başlamışdı. Bu vərəqədən sonra tam əksi oldu”.
Ağdam klubunun çalışdırıcısı ayrı-ayrı oyunçuların çıxışına da toxunub: “Andrey Lunyov çox yaxşı oyun göstərdi. İnanıram ki, bundan da yaxşı olacaq. Bu, bizi sakitləşdirməməlidir. Nəriman Axundzadəyə inamımız var. Çox istərdim ki, daha yaxşı səviyyəyə gəlsin. Potensialı böyükdür, öz üzərində işləməlidir. Leandro Andrade “Qarabağ”a gələnə qədər pleymeyker kimi çox az oynayıb. Biz ondan belə istifadə etməyə başladıq. Bolqarıstanda əsasən sol cinahda oynayırdı. Hər iki mövqedə faydalıdır. Sağ cinah vingerinin sol ayağının daha yaxşı olmasını istərdim. Leandro da bunu daha yaxşı bacarır”.
Qurban Qurbanov komandasının müdafiəçisi Kevin Medianının və özününü qırmızı vərəqə almasına da münasibət bildirib:
“Deyiləsi çox fikir yoxdur. Mənim gördüyüm odur ki, birinci rəqib tərəfdən zərbə gəldi. Kevin də özünü saxlaya bilməyib cavab zərbəsi vurdu. Futbolçuların hamısı bu cür davranışlara görə cəzalarını alırlar. Amma oyunçuları da başa düşmək lazımdır. Onların da xarakteri var.
Aldığım ilk sarı vərəqəyə gəlincə, kənardan mənim oyunçuma müdaxilə oldu. Müdaxilə edən şəxsə qarşı emosiyalarımı saxlaya bilmədim. Oyundan sonra hakimlə söhbətimiz oldu. Ümumən, pis getmədi. Düzdür, emosiyalarımı saxlaya bilmədim. Dördüncü hakim yaxşı uşaqdır. Özü də narahat idi ki, ikinci sarı verdirdi. Bəzən dördüncü hakimlər oyuna çox müdaxilə edirlər”.
“Baş verənləri çox şişirtmək lazım deyil”
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev isə “Qarabağ”a məğlubiyyəti belə şərh edib:
“Qarabağ” çempionatımızın liderlərindəndir. Planımız irəlidə oyunamaq idi. Təəssüf ki, ilk dəqiqəqlərdə fərdi səhvlərdən qapımızda qollar gördük. Bu gün məğlub olmaya bilərdik. Məzmunlu oyun göstərdik. Mənim istədiyim komanda budur. Bu tempi saxlaya bilsək, daha samballı “Qəbələ” görə biləcəyik.
Meydanda bir-birinə layiq iki komanda var idi. Bu gün rəqibdən səviyyəcə aşağı oynamadıq. Baş verənlərə gəlincə, oyunda olan elementdir. Çox şişirtmək lazım deyil. Futbola rəng qatan epizoddur.
İlk qolda Lukas Afriko topu itirdi. Məşqlərdə daha yaxşı olduğu üçün ona şans verdik. Zurab Oçiqava uzun müddətdir ki, oynamır. Onu da optimal formaya gətirmək lazımdır. Qarşıdakı oyunlarda daha çox şans verəcəyik”.


