“Barselona”nın sabiq prezidenti Xosep Mariya Bartomeu “Neqreyra işi” üzrə məhkəmə qərarından apellyasiya şikayəti verib.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, Bartomeu Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti, uzun müddət İspaniya Kral Futbol Federasiyasının (RFEF) məsul əməkdaşı çalışmış Xose Mariya Enrikes Neqreyraya ödənişlərində rüşvət xüsusunda ittiham edilən məhkəmə qərarından apellyasiya şikayəti verib.
Xəbər verildiyi kimi, Bartomeu Neqreyranın hesabına köçürmələr edildiyi dövrdə onun məmur statusuna malik olmasını inkar edir. O, ittiham tərəfində vəsaitin keçmiş məmura rüşvət məqsədi ilə köçürüldüyünü göstərən heç bir sübutun olmadığını vurğulayır.
Bartomeunun verdiyi müraciətdə vurğulanır ki, Hakimlər Texniki Komitəsinin daxil olduğu İspaniya Kral Futbol Federasiyasının dövlət orqanı hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur.
“Barselona”nın eks-prezidentinin nümayəndələrinin fikrincə, İspaniya Kral Futbol Federasiyası müxtəlif assosiasiyalardan ibarət özəl təşkilatdır ki, onlardan biri də Hakimlər Texniki Komitəsidir. Nəticədə, Bartomeu tərəfinin fikrincə, Neqreyra o vaxt dövlət qulluqçusu statusuna malik olmayıb.
Bundan əlavə, müdafiə tərəfi vurğulayır ki, ödənişlər müqabilində Neqreyranın Kataloniya klubunun 2001-2018-ci illər arasında iştirak etdiyi yarışların gedişinə hər hansı surətdə təsir göstərdiyinə dair heç bir sübut yoxdur.
Xatırladaq ki, 60 yaşlı Xosep Mariya Bartomeu 2014-2020-ci illər aralığında “Barselona”ya rəhbərlik edib.


