AÇ-2025: Millimiz Şimali İrlandiyanı qəbul edir

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində bu gün növbəti matçına çıxacaq.

Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi millimiz ikinci oyununu Bakıda Şimali İrlandiya yığmasına qarşı keçirəcək.

“Azərsun Arena”da baş tutacaq qarşılaşmaya saat 18:00-da start veriləcək. Görüşü Bolqarıstandan olan hakimlər idarə edəcəklər. Baş hakim Georgi Davidov olacaq. Ona yan xətt hakimləri Georgi Doynov və Miroslav Maksimov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristiyan Kolev yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələyə Serbiyanın U-21 yığmasına qarşı keçirdiyi səfər oyunu ilə start vermişdi. Komandamız həmin görüşdə 0:2 hesablı məğlubiyyətlə üzləşmişdi.

Yığmamızdan fərqli, Şimali İrlandiyanın gənclərdən ibarət seçmə komandası artıq qrupda iki oyun keçirib. Onlar bu görüşlərin hər ikisindən məğlub ayrılıblar. Lüksemburqla ev oyununda 0:1 hesablı məğlubiyyətə üzülmüş Şimali İrlandiya yığması Ukrayna ilə səfər oyununda da oxşar hesabla uduzublar.

Azərbaycan yığmasının yer aldığı F qrupunda bu gün daha iki qarşılaşma baş tutacaq. Belə ki, Ukrayna yığması Lüksemburqun, Serbiya millisi İngiltərənin qonağı olacaq.

AÇ-2025-in seçmə mərhələsi
F qrupu
12 oktyabr

18:00. Azərbaycan – Şimali İrlandiya
Baş hakim: Georgi Davidov.
Baş hakimin köməkçiləri: Georgi Doynov, Miroslav Maksimov.
Dördüncü hakim: Kristiyan Kolev (Hakimlər briqadası Bolqarıstandandır).
Bakı. “Azərsun Arena”.

Xal: İngiltərə – 3. Serbiya – 3. Ukrayna – 3. Lüksemburq – 3. Şimali İrlandiya – 0. Azərbaycan – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: