“Qarabağ”ın qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov oyunçunun Almaniyanın “Bayer” klubuna qayıtmaq ehtimalı barədə danışıb.
Arena.az xəbər verir ki, o, bu barədə Rusiya mətbuatına açıqlama verib.
Smirnov Leverkuzendə Lunyovu unutmadıqlarını bildirib: “Klubun idman direktoru Simon Rolfes onun haqqında soruşur, mən qapıçının seyvlərinin bəzilərini göndərirəm. Andreyin Bundesliqaya qayıtmaq şansı varmı? Bütün təkliflər kluba təqdim edilməlidir. Onun “Qarabağ”la mövcud müqaviləsi var. İndi hansısa təklifdən danışmaq düzgün deyil”.
Lunyovun agenti Ağdam klubunun Avropa Liqasının qrup mərhələsində “Bayer”lə üz-üzə gələcəyini də xatırladıb: “Onların səfərdə necə oynayacağını görmək maraqlı olacaq. Qrup liderinə və üstəlik Lunyovun keçmiş komandasına qarşı çıxış edəcəklər. Leverkuzen klubu bu mövsüm inanılmaz nəticələr göstərir. Çoxlu qollar vurular. “Bayer”lə oyun əsl sınaq olacaq”.
Xatırladaq ki, 2021-ci ildən “Bayer”də çıxış edən Andrey Lunyov bu ilin avqust ayında “Qarabağ”a keçib. 31 yaşlı qolkiperlə 1+1 illik müqavilə imzalanıb. O, Ağdam təmsilçisində artıq 6 oyuna çıxıb, 2 qol buraxıb, 4 “quru” matç keçirib.
Lunyovun “Bayer” karyerası isə cəmi 3 oyundan və 4 buraxılmış qoldan ibarətdir. O, “Zenit”, “Kaluqa”, “Ufa”, “Torpedo” (Moskva), “İstra”, “Leon Saturn” kimi klubların da formasını geyinib. Andrey Rusiya milli komandasında da 7 oyuna çıxıb. O, yığmanın heyətində 14 qol buraxıb.
“Bayer”lə “Qarabağ” arasındakı ilk oyun bu ayın 26-da Leverkuzendə, digər matç isə noyabrın 9-da Bakıda keçiriləcək. Avroliqanın qrup mərhələsinin geridə qalmış 2 turundan sonra hər iki komandanın 6 xalı var.


