AÇ-2025: U-21 millimiz bu gün Lüksemburqla qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində bu gün növbəti matçına çıxır.

Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi millimiz seçmə mərhələdəki üçüncü oyununu Bakıda Lüksemburq yığmasına qarşı keçirəcək.

“Azərsun Arena”da baş tutacaq qarşılaşmaya saat 18:00-da start veriləcək. Görüşü Moldovadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Dumitri Muntean olacaq. Ona yan xətt hakimləri Denis Oala və Sergey Boqdan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İqor Bosca yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələyə Serbiyanın U-21 yığmasına qarşı keçirdiyi səfər oyunu ilə start verib. Komandamız həmin görüşdə 0:2 hesablı məğlubiyyətlə üzləşib. Millimizin Şimali İrlandiya ilə ev oyunu isə 0:1 hesablı məğlubiyyətlə yekunlaşıb.

Yığmamızdan fərqli, Lüksemburqun gənclərdən ibarət seçmə komandası seçmə mərhələyə qələbəylə başlayıb. Onlar startda Şimali İrlandiya ilə səfər oyunundan 1:0 hesablı qələbə ilə ayrılıblar. Sonrakı oyunlarında İngiltərə və Ukraynaya evdə eyni hesabla (0:3) uduzmuş lüksemburqlular hazırda 3 xalla 4-cü pillədə qərarlaşıblar.

Bu gün Azərbaycan yığması cari tsikldə xal hesabını açmağa çalışacaq. Qrupda “dişimizə görə olan” yeganə rəqibə doğma meydanda qalib gələ bilməsək, U-21 millimizin bu seçmə mərhələni elə sonuncu pillədə başa vurması qaçılmaz olacaq.

AÇ-2025-in seçmə mərhələsi
F qrupu
17 oktyabr

18:00. Azərbaycan – Lüksemburq
Baş hakim: Dumitri Muntean
Baş hakimin köməkçiləri: Denis Oala, Sergey Boqdan
Dördüncü hakim: İqor Bosca (Hakimlər briqadası Moldovadandır).
Bakı. “Azərsun Arena”.

Xal: Ukrayna – 9. İngiltərə – 6. Serbiya – 6. Lüksemburq – 3. Şimali İrlandiya – 3. Azərbaycan – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: