“Neqreyra işi” üzrə rüşvətxorluqda təqsirləndirilərək, istintaq hədəfinə çevrilmiş “Barselona”nın düşərgəsində müdafiə planı hazırlanır.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, “Barselona”nın keçmiş prezidenti Xosep Mariya Bartomeu Kataloniya klubunun hazırkı rəhbəri Joan Laportaya “Neqreyra işi”ndə müttəhim statusu verilməsi ilə bağlı xəbərə münasibət bildirib.
Bartomeu Laportanı, eləcə də kataloniyalıların digər keçmiş rəhbəri Sandro Roseli “Neqreyra işi”ndə müdafiə üçün qüvvələrini birləşdirməyə səsləyib:
“Neqreyra işi ilə bağlı yeni vəziyyəti nəzərə alsaq, yaxşı olardı ki, klub, fəaliyyətlərinin araşdırılmasının ilkin istintaq mərhələsində olan üç prezidentinin birgə hərəkətlərini əlaqələndirə bilsin. Mətbuatın miqyası və təsiri prezidentlərin şərəf, sima və “Barselona” dəyərlərinin müdafiəsi naminə birlik və möhkəmlik nümayiş etdirməsini zəruri edir. Bu da bizim tərəfdaşlarımızın və tərəfdarlarımızın inamını gücləndirəcək”, – deyə Bartomeu bildirib.
Xatırladaq ki, daha əvvəl “Barselona”nın hazırkı prezidenti Joan Laportanın İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Komitəsinin sabiq vitse-prezidenti Xose Neqreyranın işi üzrə məhkəmə prosesində müttəhim statusu alacağı haqda məlumat verilmişdi.
Hazırda “Neqreyra işi” ilə bağlı araşdırmalar davam etdirilir. “Barselona” isə bu yaxınlarda rəsmi bəyanat yayıb. Klub bu işlə bağlı şəxsi mülahizələrin ictimai rəydə çaşqınlıq yaratdığını bəyan edib. Bunun isə klubun simasına ciddi zərbə vurduğu bildirilib.


