“Barselona”nın “Neqreyra işi” üzrə fəaliyyəti araşdırılır və bu dəfə Kataloniya klubuna qarşı daha ciddi iddia qaldırılıb.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, klubun hazırkı prezidenti Joan Laporta İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Komitəsinin sabiq vitse-prezidenti Xose Neqreyranın işi üzrə müttəhim statusu alacaq.
Mənbənin məlumatına görə, hakim, “Neqreyra işi” üzrə təqsirləndirilən şəxsin statusunu yalnız Joan Laportaya deyil, həmçinin Laportanın fəaliyyəti dövründə “Barselona”nın direktorlar şurasının üzvü olmuş və ya idarə heyətinə inteqrasiya edilmiş, klubun təşkilati strukturu və qərarların qəbulu üçün effektiv məsuliyyət daşıyan bütün şəxslərə şamil etmək qərarına gəlib.
Xatırladaq ki, oktyabrın əvvəlində “Barselona” “Neqreyra işi” ilə bağlı rəsmi açıqlama vermiş və vurğulamışdı ki, klub, təşkilatın qanuni maraqlarını vəkillər vasitəsilə qorumağa davam edəcək. Klub bu işlə bağlı şəxsi mülahizələrin ictimai rəydə çaşqınlıq yaratdığını iddia edir. Bunun isə klubun simasına ciddi zərbə vurduğu diqqətə çatdırılıb.
Hazırda “Neqreyra işi” ilə bağlı araşdırmalar davam etdirilir. Yekun qərarın nə vaxt veriləcəyi bilinmir. İttihamlar sübuta yetirilsə, “Barselona”nı çox ağır cəzalar gözləyir. Hətta Kataloniya təmsilçisinin klub olaraq fəaliyyətinə xitam verilə bilər.


