“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ədalətli oyun prinsiplərinə görə verilən ən nüfuzlu idman mükafatına layiq görülüb.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssisə ötən gecə “Jean Borotra World Fair Play Career” mükafatı təqdim olunub.
O, mükafatı Beynəlxalq Feyr-Pley Komitəsinin (CİFP) Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan təqdimetmə mərasimində alıb.
Qurbanov karyerası ərzində ədalətli oyun prinsiplərinə sadiqliyinə görə verilən bu mükafata layiq görülən ilk azərbaycanlı kimi tarixə düşüb. “Qarabağ”ın baş məşqçisinin CİFP-in “Jean Borotra World Fair Play Career” və “Pierre de Coubertin World Trophy” mükafatlarına təqdimatı Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) tərəfindən gerçəkləşib. Komitə onun bir dəfə deyil, karyerası boyu ədalətli oyun prinsiplərinə sadiq qalmasını nəzərə alıb və Qurbanovu daha nüfuzlu “Jean Borotra World Fair Play Career” mükafatına layiq görüb.
Xatırladaq ki, Qurbanov Avropa Konfrans Liqasının 2022-ci ildə keçirilən pley-off mərhələsinin “Qarabağ” – “Olimpik” (Marsel) matçında İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirib. 2015-ci ildə “İnter”lə Premyer Liqa, üç il sonra “Kuban”la yoxlama oyununda hakimlərin səhv penalti qərarından sonra futbolçulara zərbəni qeyri-dəqiq vurmağı tapşırıb.
Qurban Qurbanov 2008-ci ilin yayından “Qarabağ”a rəhbərlik edir. 51 yaşlı mütəxəssis bu müddətdə Ağdam təmsilçisini 583 matça çıxarıb. “Qarabağ” bu oyunlarda 338 qələbə qazanıb, 138 heç-heçə edib və 107 məğlubiyyətə üzülüb. Ağdam klubuna çoxsaylı titullar qazandırmış, avrokuboklarda çoxlu ilklərə imza atmış mütəxəssis “Neftçi”yə də rəhbərlik edib. Qurbanov 2017-2018-ci illər aralığında Azərbaycan millisini də çalışdırıb.







