İngiltərə Premyer Liqasında mübarizə aparan “Fulhem” klubu baş məşqçisi Marko Silva ilə yeni müqavilə bağlayıb.
Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən məlumat verir.
Portuqal mütəxəssislə yeni sözləşmə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulub.
Xatırladaq ki, Marko Silvanın “Fulhem”lə əvvəlki müqaviləsinin müddəti 2024-cü ilin iyun ayının sonunda başa çatacaqdı.
Marko Silvanın rəhbərliyi altında “Fulhem” geridə qalmış 2022/2023 mövsümündə Premyer Liqanı 38 oyundan 52 xalla 10-cu yerdə tamamlayıb. Bu mövsüm isə sözügedən komanda Premyer Liqada 9 turdan sonra 11 xalla 13-cü pillədə qərarlaşıb.
Marko Silva məşqçilik karyerasına 2011-ci ildə Lissabon “Eştoril”ində başlayıb. Ardınca Lissabon “Sportinq”ini, Yunanıstan “Olimpiakos”unu çalışdırıb. Daha sonra Silva İngiltərəyə üz tutub və “Hall Siti”, “Uotford” və “Everton” kimi komandalarla işləyib. Portuqal mütəxəssis 2021-ci ilin iyul ayından “Fulhem”i çalışdırır. O, “Eştoril” ilə Portuqaliya Sequndasını qazanıb (2011/2012). “Sportinq”lə Portuqaliya Kubokunun qalibi olub (2014/2015). “Olimpiakos”la Yunanıstan Super Liqasında çempionluğu bayram edib (2015/2016). 2021/2022 mövsümündə “Fulhem”lə Çempionşipi qazanaraq, “bağçılar”ı Premyer Liqaya qaytarıb.
“Fulhem” Marko Silvanın rəhbərliyi altında bütövlükdə 105 oyuna çıxıb. Premyer Liqa təmsilçisi bu görüşlərdə 52 qələbə qazanıb, 19 heç-heçə edib və 34 məğlubiyyətə üzülüb.


