Roy Kin Bruno Fernandesin kapitanlığını tənqid etdi

“Mançester Yunayted”in keçmiş futbolçusu Roy Kin “qırmızı şeytanların” hazırkı kapitanı Bruno Fernandesi tənqid edib.

Arena.az onun bu barədə fikirlərini təqdim edir:

“Bu gün gördüklərimdən sonra Fernandesi kapitanlıqdan məhrum edərdim. O, kapitan roluna uyğun deyil. Ağlayır və inildəyir. Bundan başlayardım. Çünki bu, məşqçinin səlahiyyətindədir. O, kapitandan görmək istədiklərimin tam əksidir”, deyə Roy Kin bildirib.

Bruno bu mövsüm meydana çıxdığı 13 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Ötən gecə Mançester derbisində “Siti”yə uduzan “qırmızı şeytanlar” isə Premyer Liqada 10 oyuna topladığı 15 xalla 8-ci pillədə qərarlaşıb.

Portuqal yarımmüdafiəçi Bruno Fernandes 2020-ci ilin fevral ayından “Mançester Yunayted”də çıxış edir. O, “qırmızı şeytanlar”ın heyətində ümumilikdə 198 oyuna çıxıb, 66 qol vurub, 57 məhsuldar ötürmə verib.

Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasında 61 oyun keçirib, 18 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub.

Yarımmüdafiəçi “Mançester Yunayted”dən öncə “Sportinq”, “Sampdoriya”, “Udinez” və “Novara” kimi klubların da formasını geyinib.

“Transfermarkt” internet-portalı 29 yaşlı Bruno Fernandesi 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: