Camal Musiala iki-üç həftə futbolsuz qalmalı olacaq

“Bayern”in gənc hücumameylli yarımmüdafiəçisi Camal Musiala zədəsini müalicə etdirdiyi üçün bir müddət futbolsuz qalmalı olacaq.

Arena.az “Bild” nəşrinə istinadən məlumat verir ki, Musiala “Bayern”in Çempionlar Liqasının 4-cü turu çərçivəsində “Qalatasaray”a qarşı oyununda (2:1) zədələnib.

Musiala oyunun 39-cu dəqiqəsində hücumçu Harri Keynin ötürməsinə doğru uğursuzluqla uzanaraq, ayağını zədələyib. Bu məqamdan sonra Camal əvəzlənməsini istəyib və 40-cı dəqiqədə münhenlilərin hücumameyilli yarımmüdafiəçisi Tomas Müllerlə əvəzlənib.

Musialaya dizaltı vətərlərin zədələnməsi diaqnozu qoyulub və ilkin ehtimala görə gənc futbolçu iki-üç həftəliyə sıradan çıxıb. Bu isə Musialanın həm də Almaniya yığmasının qarşıdakı oyunlarında iştirak edə bilməyəcəyi deməkdir.

Xatırladaq ki, “bundestim” noyabrın 18-də Türkiyə millisi, noyabrın 21-də isə Avstriya yığması ilə yoldaşlıq oyunları çərçivəsində qarşılaşcaq.

Musialanın “Bayern”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2022/2023 mövsümündə Musiala “Bayern”in heyətində 47 oyun keçirib, 16 qol vurub və eyni sayda məhsuldar ötürmə verib və münhenlilərlə Bundesliqanı qazanıb.

Yenicə başlamış cari mövsümdə gənc yarımmüdafiəçi 14 oyuna çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə verib.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 28 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Camal Musialanı 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: