“Neftçi”nin rusiyalı yarımmüdafiəçisi Reziuan Mirzov “Zenit”lə (Sankt-Peterburq, Rusiya) yoldaşlıq oyunundan öncə jurnalistlərlə görüşəcək.
Arena.az xəbər verir ki, bu barədə “Neftçi”nin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Neftçi” – “Zenit” yoldaşlıq oyunu ilə bağlı mətbuat konfransı təşkil olunacaq. Noyabrın 15-də “Neftçi Arena”da baş tutacaq tədbir saat 12:00-da başlayacaq. Mətbuat konfransında rusiyalı futbolçu media nümayəndələrinin suallarını cavablandıracaq.
Qeyd edək ki, Reziuan Mirzov “Neftçi”yə bu ilin sentyabrında transfer olunub. O, paytaxt təmsilçisində cəmi 6 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub.
Yarımmüdafiəçi Rusiyanın “Spartak-Nalçik” (2012-2013), “Spartak” (Kostroma, 2013), “Zvezda” (Ryazan, 2013), “Torpedo” (Moskva, 2014-2015), “Terek” (2015-2017), “Rostov” (2017-2019), “Tosno” (2017-2018), “Arsenal” (Tula, 2018-2019), “Spartak” (Moskva, 2019-2022) və “Ximki” (2020-2023) klublarında da çıxış edib. 2017/18 mövsümündə “Tosno” ilə Rusiya kubokunun qalibi olan Mirzov 2018/19 mövsümündə ölkə çempionatının 33 ən yaxşı futbolçusu siyahısına düşüb.
Onu da xatırladaq ki, “ağ-qaralar”ın “Zenit”lə yoldaşlıq oyunu noyabrın 18-də “Neftçi Arena”da baş tutacaq. Oyuna saat 21:00-da start veriləcək.


