“Bayern”in idman direktoru Kristof Froynd Münhen komandasının əsas futbolçuları ilə bağlı klubun gələcək palnlarından danışıb.
Arena.az bu barədə məşhur italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.
Froynd əvvəlcə, komandanın almaniyalı sağ vingeri Leroy Sane ilə müqavilə haqda söhbət açıb:
“Razılaşmanın uzadılması üçün Leroy Sane ilə aparılmış danışıqların uğursuzluğa düçar olması barədə xəbərlər yalandır.
Hazırda o, “Bayern”də oynadığı bütün dövrünün ən yaxşı formasındadır. O, klubun gələcəyini birlikdə qurduğumuz futbolçulardan biridir”, deyə Froynd vurğulayıb.
Froynd son vaxtlar, qarşıdakı qış transfer pəncərəsində “Real”a keçəcəyi haqda şayiələrlə gündəmə gəlmiş, münhenlilərin qanaəsilli kanadalı sol cinah müdafiəçisi Alfonso Devisin gələcəyi haqda açıqlama verib:
“Devis və “Real” – mənim məsuliyyət sahəm deyil. Mən onunla əsas planlarımız haqqında danışdım və ümidvaram ki, Alfonso məni eşitdi. Devisin bizimlə qalmasını istəyirik, xüsusən də uzun müddətə. Danışıqlarımızın mövzusu bu idi”, deyə Froynd açıqlayıb.
Mütəxəssis həm də Münhen klubunun maraq dairəsində olan, “Fulhem”in portuqal dayaq yarımmüdafiəçisi Joau Palinyanın mümkün transferi haqda danışıb:
“Əlbəttə, Joao Palinya bizim müşahidəmizdə qalır! Klubumuz yayda bu sövdələşmə üzərində fəal işləyirdi, sonra… sonra transfer pəncərəsini bağlayan qəribə bir gün baş verdi. Ancaq qışda nə olacağını hələ təxmin edə bilmərik”, deyə Kristof Froynd bildirib.
Adı çəkilmiş futbolçular haqda qısa məlumatı təqdim edirik:
Transfer:
Leroy Sane – 2020, iyul, 49 milyon avroya “Mançester Siti”dən “Bayern”ə;
Alfonso Devis – 2019, yanvar, 14 milyon avroya “Vankuverdən”dən “Bayern”ə;
Joao Palinya – 2022, iyul, 21 milyon avroya “Sportinq”dən “Fulhem”;
Müqavilə müddəti:
Leroy Sane – “Bayern”lə, 30 iyun 2025;
Alfonso Devis – “Bayern”lə, 30 iyun 2025;
Joao Palinya – “Fulhem”lə, 30 iyun 2028;
Cari mövsümdə klubda iştirak:
Leroy Sane – 18 oyun, 9 qol, 7 məhsuldar ötürmə;
Alfonso Devis – 18 oyun, 3 məhsuldar ötürmə;
Joao Palinya – 12 oyun, 2 qol
Yığma komandada ümumi iştirak:
Leroy Sane (Almaniya) – 57 oyun, 13 qol, 6 məhsuldar ötürmə (debüt: 2015, noyabr);
Alfonso Devis (Kanada) – 42 oyun, 14 qol, 17 məhsuldar ötürmə (debüt: 2017, iyun);
Joao Palinya (Portuqaliya) – 23 oyun, 2 qol, 1 məhsuldar ötürmə (debüt: 2021, mart);
Transfer məbləği:
Leroy Sane (27 yaş) – 75 milyon avro;
Alfonso Devis (23 yaş) – 70 milyon avro;
Joao Palinya (28 yaş) – 55 milyon avro.


