Harri Keyn mövsümə 40 qol vurarsa, qazanacağı məbləğ açıqlandı

“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn cari mövsümdə 40 qol vuracağı halda nə qədər məvacib qazanacağı indidən bəllidir.

Arena.az bu barədə “’Bild” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Keyn Almaniya nəhəngi ilə həftəlik 480 min avro məbləğində maaş müqaviləsi imzalayıb. Eyni zamanda, müqavilədə ingilis hücumçunun cari mövsümdə bütün turnirlərdə 40 qol vuracağı halda, 250 min avro qazanacağı haqda “qolçu xallarının hesablanması” bəndi var.

Vurğulayaq ki, Keyn hazırda 11 oyundan 17 qolla Bundesliqanın ən sərrast futbolçusudur.

Bir qədər əvvəl Keyn özünün “Bayern”ə keçməsi haqda təəssüratını paylaşıb:

“Düzünü desəm, bu sərsəm bir təcrübə idi. Nə gözləyəcəyimi bilmirdim, çünki 19 ili “Tottenhem”da keçirmişəm və orada həqiqətən xoşbəxt idim. Beləliklə, mən mütləq rahatlıq bölgəmdən çıxırdım. İlk dəfədir ki, bu cür transferlərin necə baş verdiyini hiss etdim”, – “FourFourTwo” dərgisi Keyndən sitat gətirir.

Xatırladaq ki, Harri Keyn cari ilin yay transfer pəncərəsində 100 milyon avro qarşılığında “Tottenhem”dən “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 21 qol vurub, 7 məhsuldar ötürmə verib.
Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 87 oyun keçirib, 61 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı Keyni 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: