AÇ-2025: U-21 millimiz Ukraynanı büdrədə biləcək?

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində bu gün növbəti matçına çıxır.

Arena.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi millimiz seçmə mərhələdəki dördüncü oyununu İspaniyada Ukrayna yığmasına qarşı keçirəcək.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi FİFA referisi İrakli Kvirikaşvili olacaq. Ona yan xətt hakimləri Georgi Elikaşvili və Davit Çiqoqidze kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Georgi Avazaşvili yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələyə Serbiyanın U-21 yığmasına qarşı keçirdiyi səfər oyunu ilə start verib. Komandamız həmin görüşdə 0:2 hesablı məğlubiyyətlə üzləşib. Millimizin Şimali İrlandiya ilə ev oyunu isə 0:1 hesablı məğlubiyyətlə yekunlaşıb. Komandamız yalnız sonuncu Lüksemburqla ev oyunundan 3:2 hesablı qələbə ilə ayrılıb.

Yığmamızdan fərqli, Ukraynanın gənclərdən ibarət seçmə komandası seçmə mərhələyə çox möhtəşəm başlayıb. Onlar startda Şimali İrlandiya (evdə 1:0), ardından Lüksemburq (səfərdə 3:0, evdə 4:0) və İngiltərə (evdə 3:2) üzərində qələbələrə seviniblər. İtkisiz irəliləyən Ukrayna seçməsi hazırda 12 xalla zirvədə qərarlaşıb. Azərbaycan yığması isə 3 xalla qrup sonuncusudur.

F qrupunun digər görüşlərində Serbiya Lüksemburqu, İngiltərə isə Şimali İrlandiyanı qəbul edəcək.

AÇ-2025-in seçmə mərhələsi
F qrupu
21 noyabr

22:00. Ukrayna – Azərbaycan
Baş hakim: İrakli Kvirikaşvili (Gürcüstan).
Baş hakimin köməkçiləri: Georgi Elikaşvili, Davit Çiqoqidze (Gürcüstan).
Dördüncü hakim: Georgi Avazaşvili (Gürcüstan).
İspaniya. Mursiya. “Nueva Kondomina” stadionu.

Xal: Ukrayna – 12. İngiltərə – 9. Serbiya – 6. Lüksemburq – 3. Şimali İrlandiya – 3. Azərbaycan – 3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: