Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Şamaxı” komandasının baş məşqçisi Vüqar Əsgərli istefa verib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, o, bu gün 9-cu turda “Karvan”a məğlubiyyətdən sonra klub rəhbərliyi ilə görüşüb. Əsgərli ilk dövrədən sonra qazanılan nəticələri qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib. Müzakirələrdən sonra klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.
Xatırladaq ki, Vüqar Əsgərli ötən ilin yayından “Şamaxı”ya rəhbərlik edirdi. O, Premyer Liqada çıxış etdikləri dönəmdə Cavid Hüseynovla birgə bu komandanı çalışdırırdı. Yayda komanda Birinci Liqaya düşəndən sonra isə Hüseynov postundan ayrılsa da, Əsgərli işini davam etdirirdi.
“Şamaxı” bu mövsüm Birinci Liqada keçirdiyi 9 oyunda 15 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.


