“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov adının yenidən Azərbaycan millisi ilə birgə hallandırılmasına münasibət bildirib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində baş tutan “Sabah”la səfər oyunundan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Çox xahiş edirəm ki, mənə bu barədə suallar verməyin. Dəfələrlə bildirmişəm ki, heç kimin işinə qarışmaq istəmirəm. Buradan məsləhət vermək də istəmirəm. Bu barədə fikir bildirməyim nə düzgün olar, nə də istəmirəm.
Elə 15 ildir ki, adım yığma komanda ilə hallanır. Tək mənim yox, digər məşqçilərin də adı milli ilə hallanır. Hər dəfə belə olub. Amma bu gedişat heç vaxt dəyişmir. Hər dəfə bu müzakirələr eyni proqram üzrə gedir”.
“AFFA yığmanın yeni baş məşqçisinin seçimi ilə bağlı işçi qrupu yaradıb. Sizin yeni işçi qrupuna hansısa tövsiyyələriniz olacaq?” sualına isə Qurbanovun cavabı belə olub:
“Xeyr. Mənim tövsiyyə etməyə hansısa səlahiyyətim yoxdur. İşçi qrupu deyəndə, özləri olacaq. Oxudum. Deyirlər, toplananların yerini dəyişəndə, cəm dəyişmir. Orada İcraiyyə Komitəsindən, federasiyadan, təcrübəli məşqçilərdən kimsə olacaq. Mənim səlahiyyətim yoxdur ki, onlara fikir bildirim və ya tövsiyə verim”.
Xatırladaq ki, Qurban Qurbanov 2017-ci ilin noyabrından 2018-ci ilin dekabrına qədər “Qarabağ”la yanaşı, Azərbaycan millisinə də rəhbərlik edib. Yığmamız onun rəhbərliyi altında 11 oyun keçirib. Həmin oyunlarda 4 qələbə, 4 heç-heçə etmiş milli komandamız 3 dəfə də məğlub olub.


