Qurban Qurbanov: “Qəbələ” ilə oyun tam istədiyimiz kimi alınmadı”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm, çox əziyyət çəkdilər. Vacib üç xal əldə etdik. Hesab bizi aldada bilər. Amma oyun tam da düşündüyümüz, istədiyimiz kimi alınmadı. Azarkeşlər üçün baxımlı, maraqlı matç oldu. “Qəbələ” son oyunda da çox yaxşı performans göstərmişdi. Bu gün də ilk dəqiqələrdən görünürdü ki, uduzmaq istəmirlər.

Çox sıx qrafiklə oynayırıq. Həm bu üzdən, həm də nəticələrə görə məşqçilər olaraq çalışırıq ki, futbolçularda heç bir arxayınlıq yaranmasın. Bu gün oyunun gedişatında arxayınlq hiss etdim. İnsan uğur əldə etdikdə, arxayınlaşma olur. Rəqiblər bunu bağışlamır. Amma oyunun gedişində özlərini ələ ala bildilər. Məni ən çox narahat edən məqam bu və zədələrdir. Kevin Medinanın zədəsi gərgin oyunlarda daim oynaması ilə bağlıdır. Süni örtükdəki o epizod bəlkə normal ot meydanda olsaydı, daha rahat qəbul edərdi. Düzdür, qeyri-adi hərəkət oldu”.

Qurban Qurbanov son oyunlarda yüksəlişdə olan Olavio Juninyo ilə Patrik Andradenin performansına da toxunub, eləcə də Adama Diakabi və Redon Cicanın komandanı tərk edəcəyi barədə yayılmış xəbərlərə münasibət bildirib:

“Juninyo indi daha yaxşıdır. İki il öncə də onunla maraqlanmışdıq, sadəcə, alınmamışdı. Amma o vaxtlardan oyununu izləyirdik. Əlimizdə imkan düşdü və bundan maksimum yararlana bildik. Son vaxtlar onun perfomansı pis deyil. Amma tam razı deyiləm. Həm mən, həm də özü daha yaxşı Juninyo görmək istəyir. Öz üzərində işləməlidir və daha da yaxşılaşdırılası çox elementlər var. Amma ümumən kollektivə uyğunlaşır, mental olaraq da belədir. Ölkəyə də uyğunlaşır. Nəticə baxımından razı ola bilərəm. Amma tam istədiyim Juninyo deyil. Patrik Andradedə də hər şey yaxşılığa doğru gedir. Tam uyğunlaşmağa başlayıb. Oynadıqca daha yaxşı olacaq. Bacarıq, təcrübə onda var. Amma çox istərdim ki, daha yaxşı Patrik görüm”.

“Qarabağ”la səviyyə fərqini danmaq olmaz”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev isə uduzduqları matçdan sonra bunları dilə gətirib:

“Bizim üçün ağır oyun alındı. İstədiyimizi meydanda göstərməyə rəqib imkan vermədi. Komandamdan daha çox dinamika gözləyirdim. Amma yenə qol epizodlarımız oldu. Hesab 1:0 olanda, epizodları vursaydıq, nəticə fərqli olardı. Səviyyə fərqini danmaq olmaz. “Qarabağ” layiqli qələbə qazandı”.

Elmar Baxşıyev Ülvi İsgəndərovun ötən mövsüm xeyli qol vurduğu halda bu mövsüm susqunluq göstərməsinə də şərh verib: “Ülvi də çalışır. Keçən il daha uğrulu alınırdı. Daha da artığını etməlidir ki, qolları gəlsin. Potensialı olan futbolçudur. Üzərində çox işləməlidir ki, alındırsın”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: