Almaniya nəhəngi “Bayern”in alman baş məşqçisi Tomas Tuxel özünə ünvanlanmış sualdan xoşlanmadığı üçün jurnalistə qəzəblənib.
Arena.az bu barədə “Daily Mail”ə istinadən məlumat verir.
Bildirilir ki, jurnalistin Tuxeldən “Ştutqart”ı çalışdıran alman mütəxəssis Sebastyan Hönesin “Bayern”də Tuxeli uğurla əvəz edib-edə bilməyəcəyi haqda sualı, Tuxeli özündən çıxarıb:
“Siz doğrudanmı ciddiyyətlə düşünürsünüz ki, mən burada oturub kimin mənim xələfim ola biləcəyi barədə düşünəcəyəm?! Mən indi bir komandaya rəhbərlik edirəm və bunun nə qədər davam edəcəyini heç kim bilmir. Bu barədə nə təsəvvür edə bildiyimin əhəmiyyəti yoxdur. Önəmli olan “Ştutqart”ın necə oynamasıdır. Hönes və onun məşqçilər qərargahının dəsti-xəttini hiss edə bilərsiniz. Bu, təsiredicidir”, deyə Tomas Tuxel bildirib.
Bu sual Tuxelə, Bundesliqanın 15-ci turu çərçivəsində sabah, dekabrın 17-də keçiriləcək “Bayern” – “Ştutqart” oyunu ərəfəsində verilib.
Bundesliqada keçirdiyi 13 oyundan “Bayern” 32 xalla 2-ci, “Ştutqart” isə 14 oyundan 31 xalla 3-cü pillədə qərarlaşıb. Almaniya çempionatına 36 xalla Xabi Alonsonun “Bayer”i başçılıq edir.


