“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. Bəzi oyunlardan sonra futbolçularda bir az arxayınlıq olur. Bir az da yorğunluq var idi. Bu anlarda xarakter gəöstərməkləri vacibdir. Bu gün dinamika aşağı olsa da, qarşımızda çox yaxşı müdafiə olunan komanda var idi. Boş zonalar az idi. Komandamız qələbə üçün çox əziyyət çəkdi. “Neftçi”yə uğurlar arzulayıram. Sona kimi oyun intizamını pozmadılar. Nadir hallarda boşluqlar verirdilər. Futbolçularım bundan lazımi vaxtda istifadə edə bildi. Onlardan razı qaldım”.
Qurbanov Avropa Liqasında tarixi zəfərə imza atdıqdan sonra əksər klubların sosial şəbəkə hesabları vasitəsilə onları təbrik etdiyi halda, “Neftçi”nin bunu etməməsinə də toxunub: “Yəqin ki, rəhbərlik səviyyəsində təbrik olub. Elə də böyük qəbahət görmürəm. Hamısı öz komandalarımızdır. Bu gün hamı təbrik etdi, həm məşqçiləri, həm rəhbərlikləri. Böyüdüləsi bir şey görmürəm”.
Ağdam klubunun çalışdırıcısı Avropa Liqasının pley-off mərhələsində Portuqaliya təmsilçisi “Braqa”ya rəqib olmalarına da münasibət bildirib: “Çox maraqlanmadım. Bu gün fikrim “Neftçi” ilə oyunda idi. Potensial rəqiblərin hər biri ciddi idi. Hər biri qarşısına ciddi vəzifə qoyub. Portuqaliya klubları avrokuboklara çox ciddi yanaşırlar. Onlardan biri bizimlə düşdü. Hər bir halda, bizim üçün böyük təcrübə olacaq. Rəqibi tam yaxından tanıyandan sonra daha ətraflı məlumat verə biləcəyik. Dinamik, texnikalı oyunçuları var. Yaxşı oyun, yaxşı futbol göstərən komandadır. Hələ qarşıda 1-2 ay vaxtımız var. Rəqibi təhlil etməyə çalışacağıq. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Futbol indi elə səviyyəyə çatıb ki, bəzən evdə ilk oyunu keçirmək daha sərfəlidir. Hər bir halda, bu, böyük rəqiblərə o qədər də təsir etmir”.
“Qarabağ” qışda Bakıda hazırlıq keçəcək
Qurban Qurbanov komandasının qış hazırlıq planlarından da söz açıb: “Yanvarın 5-dən Bakıda toplaşacağıq. Xaricdə hazırlıq keçməklə vaxt itirmək istəmədik. Qarşıda sıx qrafik başlayacaq. İstədim ki, Bakıda olaq. Vacib olan futbolçuların sağlam olmasıdır. İstəyərdim ki, futbolçularım evlərinə sağlam gedib, sağlam gəlsinlər. Gələn il mütləq daha yaxşı olmalıyıq. Rəqiblər bizə çox ciddi yanaşır. Onsuz da qış fasiləsində çox yoxlama oyunu keçirməyə vaxtımız da yoxdur. Çünki planımız futbolçuları bərpa etməkdir. Bir tam ciddi rəqib olmalıdır, bir də öz aramızda ikitərəfli oyun planlaşdırırıq. Çünki ayın 23-də oyunumuz olacaq. “Zirə” ilə qarşılaşmaq mümkündür. Ən real variantlardan biri odur”.
“Hücumçularımdan daha yaxşısını gözləyirəm” – Mutu
“Neftçi”nin məşqçisi Adrian Mutu isə komandasının məğlubiyyətini belə şərh edib:
“Öncə, ağır qəzaya düşən Peşəkar Futbol Liqasının əməkdaşlarının tezliklə sağalmalarını arzulayıram və onlara şəfa diləyirəm. Çətin oyun idi, güclü rəqibə qarşı oynayırdıq. Futbolçularım meydanda komanda şəklində sona qədər əzmkar mübarizə aparmağa çalışdılar. Məğlub olmağımız utancvericidir. İstəyirdik ki, nəsə edək. Amma uduzduq. Bu gün “Neftçi”də hücum xəttində nə qədər oyunçu varsa, hamısını meydana buraxmışdım. Hücumçularımdan daha yaxşısını gözləyirəm. Onlar irəlidə topu daha çox saxlamalıdılar ki, komandaya kömək olsunlar. Bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Hücumçularımızın qollar vurmasını istəyirəm”.


