Xavyer Tebas: “Futbolun yalançı Super Liqaya ehtiyacı yoxdur”

La Liqa prezidenti Xavyer Tebas Super Liqa yaradıcılarının yeni turnirin təşkili ilə bağlı klublarla əlaqə saxlamasına münasibət bildirib.

Arena.az məlumat verir ki, Tebas bu haqda özünün sosial şəbəkə hesabı üzərindən məlumat dərc edib:

“Mən artıq qeyd etmişəm ki, son günlər Super Liqa saxta xəbərlər üyüdür. Bəzi KİV-lər “Srvena Zvezda”nın iştirakla bağlı əlaqə saxlanılan klublardan biri olduğunu iddia etsələr də, artıq bir təkzib var.

Qeyd edək ki, Super Liqanın ilk versiyası 2021-ci ildə gizli şəkildə hazırlanıb, 2023-cü ilin dekabrında haqqında danışılan “yeni” Super Liqa isə yalan üzərində qurulub. Heç bir klubla əlaqə saxlamayıblar, bu, açıq yarış deyil, demokratik deyil, rəqabətədavamlı deyil və yalnız milli liqalara ziyan vurur.

O qədər yalan danışırlar ki, “A22 Sports” şirkətinin arxasında, saxta xəbərlərin arxasında, sosial mediaya təsir edənlərin arxasında futbolun “xilaskarı” dayandığını hələ də gizlədirlər. Bu günlərdə də, məhkəmə hökmündən sonrakı günlərdə də yalan danışmağa davam edəcəklər. Başlıqlar alırlar, aldatmaq üçün videolar sifariş edirlər.
Futbolun 2021-ci ilin aprel Super Liqasına ehtiyacı olmadığı kimi, 2023-cü ilin dekabr ayının yalançı Super Liqasına da ehtiyac yoxdur”, – Xavyer Tebas yazıb.

Xatırladaq ki, 2021-ci ilin aprelində Avropanın 12 yüksək səviyyəli klubu Avropa Super Liqasının yaradıldığını elan edib. O zaman bu layihə UEFA, futbol liqaları və azarkeşlər tərəfindən geniş şəkildə tənqid olunmuşdu. Bundan sonra demək olar ki, bütün qurucu klublar liqanı tərk etmişdilər. Yalnız “Real”, “Barselona” və “Yuventus” layihədə qalıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: