“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/8 finalında MOİK-ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Xankəndi şəhər stadionunda təşkil olunan və 1:0 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Hər kəsi təbrik edirəm. Burada ilk mətbuat konfransımdır. Həddən artıq sevincliyəm. Neçə illərdir, hamı bunu həsrətlə gözləyirdi. Başda cənab prezident olmaqla ordumuza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onların qəhrəmanlıqlarının sayəsində buradayıq. Bütün xalqımıza həmişə sağlam və xoşbəxt olmağı arzulayıram. Məncə, oyundan danışmağa ehtiyac yoxdur. Bizim üçün çətin idi. Bir az həyəcan var idi. Oyundan çox başqa söhbətlər gedirdi. Futbolçular öz aralarında Şuşa, Xankəndi haqqında danışırdılar. Son dəqiqədə maraqlı epizoddan qol vurduq. MOİK sona kimi mübarizə apardı. Onları təbrik edirəm. Düzü, onlardan belə oyun gözləmirdim. Amma rəqibin oyunlarına baxmışdıq. Çox yaxşı müdafiə olunub, əks-hücumda təhlükəli olurlar. Qalib gəldiyimiz üçün şadam”.
Qurban Qurbanov Azərbaycan Kubokundakı qalan oyunlarını da Xankəndidə keçirməyin əleyhinə olmadığını dilə gətirib: “Kubok oyunlarını burada keçirməyi istəyirik. Böyük ehtimalla bir matçı burada keçirə biləcəyik. Gələcəkdə bu barədə çox ciddi addımlar atılacaq. Ağdamda “İmarət” stadionu da tikiləcək. Cənab prezident keçmişimizi qaytarmaq istəyir. “İmarət” qədim stadion olub. Belə bir düşəncəyə görə cənab prezidentə təşəkkür edirəm. Stadion hazır olandan sonra böyük məmnuniyyətlə gedib orada oynayarıq. Hazırda biz oyunlarımızı Bakıda keçiririk. “Qarabağ” Azərbaycanı təmsil edir. Gələcək planlar barədə daha sonra geniş fikir bildirə bilərik. Amma biz klub olaraq həmişə xalqımız üçün düzgün yol seçmək istəmişik. Gələcəkdə ən doğru qərar veriləcək”.
“Hədəf Premyer Liqaya yüksəlməkdir” – MOİK-in baş məşqçisi
MOİK-in baş məşqçisi Qəzənfər Abbasov isə tarixi qarşılaşmadakı məğlubiyyətlə bağlı bunları söyləyib:
“Tarixi torpaqlarımızda belə oyunun keçirilməsinə görə Ali Baş Komandana, Ordumuza minnətdatlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Bu torpaqlar onların qanları sayəsində azad olunub. Hamı “Qarabağ”ın gücünü bilir. Biz də MOİK olaraq əlimizdən gələni etməyə çalışdıq. Futbolçularıma təşəkkür edirəm. Bacardıqlarını etdilər. Qurban Qurbanov da matçdan sonra məni gözəl oyuna görə təbrik etdi. Hansı kluba qarşı oynayacağımızı bilirdik. Dünən də Qurban müəllimlə görüşəndə demişdim ki, gözəl futbol göstərməyə çalışacağıq”.
Abbasov qarşılarına Premyer Liqaya çıxmaq hədəfi qoyulduğunu da söyləyib: “Bizə tapşırıq verilib ki, komanda çempion olaraq Premyer Liqaya vəsiqə qazansın. Ev oyunlarımızı Xankəndidə keçirməyi əlbəttə, istəyərdik. Amma bu, rəhbərlik səviyyəsində verilən qərardır. Premyer Liqada oyunlarımızı Xankəndidə keçirsək, xoşbəxt olarıq. Görüşdən öncə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər şəxsləri bizimlə görüşdülər. Futbolçulara söz verdilər ki, qayğı bundan da artıq olacaq. Biz diqqəti hər zaman hiss edirik. Bundan da artığının olacağına inanırıq”.


