Bu gün rumıniyalı baş məşqçisi Adrian Mutu ilə vidalaşn “Neftçi” PFK onu monteneqrolu mütəxəssis Miodraq Bojoviç ilə əvəzləyib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Ağ-qaralar”ın yeni baş məşqçisi bu gün baş tutan Azərbaycan Premyer Liqasının 18-ci turunun “Kəpəz”lə ev oyunundan sonra ictimaiyyətə təqdim olunub. Tərəflər jurnalistlərin gözü önündə 1,5 illik müqaviləyə imza atıblar. Daha dəqiq desək, müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub. Lakin Bojoviçin işi uğurlu alınsa, onunla müqavilənin müddəti avtomatik bir mövsüm uzadılacaq.
UEFA-nın PRO lisenziyalı məşqçisi olan Bojoviç 1968-ci ildə Monteneqronun (YİR) Moykovas şəhərində anadan olub. O, futbolçu karyerasını tamamladıqdan sonra Serbiyanın “Borats” klubunda məşqçilik karyerasına başlayıb. 20 illik məşqçilik təcrübəsinə malik mütəxəssis bu illər ərzində Serbiya çempionu, Rusiya kubokunun qalibi və finalçısı olub.
Karyerası ərzində “Dinamo” (Moskva), “Lokomotiv” (Moskva) və “Srvena Zvezda” kimi komandaların baş məşqçisi olub. Bojoviçin “Neftçi” PFK-dan öncəki son iş yeri isə Rusiyanın “Arsenal” (Tula) klubu olub.
55 yaşlı mütəxəssis yeni komandası ilə yanvar ayında Türkiyənin Antalya şəhərində baş tutacaq təlim-məşq toplanışına qatılacaq.
Xatırladaq ki, Miodraq Bojoviç 23 illik məşqçilik karyerası ərzində çoxsaylı klubda çalışıb. Onun baş məşqçi kimi fəaliyyət göstərdiyi komandaların siyahısını təqdim edirik:
“Belgrad” (2000:2001)
“Konsadole Sapporo” (2001–2002, köməkçi məşqçi)
“Borats” (2003–2004)
“Obiliç” (2004)
“Hayduk” Belqrad (2004)
AEP Pafos (2005)
“Borats” (2005–2006)
“Buduçnost” (2006–2007)
“Qrbal” (2007)
“Borats” (2007)
“Amkar” Perm (2008)
“Moskva” (2009)
“Dinamo” Moskva (2010–2011)
“Amkar” Perm (2011–2012)
“Rostov” (2012–2014)
“Lokomotiv” Moskva (2014–2015)
“Srvena Zvezda” (2015–2017)
“Arsenal” Tula (2017–2018)
“Krılya Sovetov” (2018–2020)
“Arsenal” Tula (2021–2022)







