“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov komandanın baş məşqçi postuna Miodraq Bojoviçin təyin olunmasına münasibət bildirib.
Arena.az xəbər verir ki, o, bu gün monteneqrolu mütəxəssisin təqdimat mərasiminda bunları söyləyib:
“Miodroq Bojoviç Bakıda olduğu üçün təqdimatı da bu gün etmək istədik. Bunu hamının bilməsini istədik. Baş məşqçinin qarşısına hansı hədəf qoyulub? Hədəf ölkə kubokunu qazanmaq və minimum ikinci yeri tutmaqdır”.
Fərrux Mahmudov Adrian Mutunun istefaya göndərilməsinin səbəblərindən də söz açıb: “Qarşılıqlı fikir belə oldu. Mutunun anası dünyasını dəyişmişdi. Getməmişdən əvvəl onunla müzakirə etdik. Eyni fikrə gəldik ki, yeni baş məşqçi gəlsə, daha yaxşıdır”.
“Neftçi”nin idman direktoru Yens Andersson isə Bojoviçin baş məşqçi postuna təyinatının detallarını açıqlayıb:
“İndiki məqamda “Neftçi”yə ən uyğun baş məşqçi olaraq məhz Miodraq Bojoviçi gördük. Təcrübəli məşqçi üzərində seçim etdik. Məncə, daha yaxşı seçimdir. Bu regionda da çalışıb. Bir neçə namizəd üzərində danışıq gedirdi. Sonda hazırkı baş məşqçimizin üzərində dayandıq. Məncə, o, “Neftçi”yə uyğun baş məşqçidir. “Neftçi”də əvvəllər də tez-tez baş məşqçi dəyişikliyi olurdu. Hazırkı heyətimizə də uyğun məşqçi elə Bojoviçdir. Analizlər etdik, statistikaları incələdik. Sonda hazırkı baş məşqçimizin üzərində dayandıq. Məncə, hazırkı an üçün ən düzgün seçimi etmişik”.
Xatırladaq ki, “Neftçi” bu gün Rumıniyadan olan baş məşqçisi Adrian Mutu ilə yollarını ayırıb. Paytaxt klubu onu monteneqrolu Miodraq Bojoviçlə əvəzləyib. 55 yaşlı mütəxəssislə 6 ay + 1 illik müqavilə imzalanıb.


