“Neftçi”nin Monteneqrodan olan yeni baş məşqçisi Miodraq Bojoviç “ağ-qaralar”ın sükanı arxasına keçməsi ilə bağlı ilk təəssüratlarını bölüşüb.
Arena.az xəbər verir ki, 55 yaşlı mütəxəssis bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Neftçi”nin Azərbaycanın ən yaxşı və böyük tarixə malik olan klubu olduğunu bilirəm. Futbolda işləmək asan deyil. “Neftçi”də hansı hədəflərin olduğunu bilirəm. Qarşıya qoyulan məqsəd çempionatı minimum ikinci bitirmək və kuboku qazanmaqdır. Buna nail olmaq üçün yaxşı futbol oynamaq lazımdır.
Rusiyada işlədiyim üçün “Neftçi”də çıxış edən Rezuan Mirzov, Emin Mahmudov, Azər Əliyevi yaxşı tanıyıram. Hər üçü də keyfiyyətli oyunçulardır, nəyə qadir oldulqarını bilirəm. Hər gün özünü sübut etməlisən. Düşünürəm ki, bunun öhdəsindən gələ biləcəyik.
Mən komandaya hələ yeni gəlmişəm. Təbii ki, hər “transfer pəncərəsi”ndə komanda güclənməlidir. Yəqin ki, danışıqlar olacaq. Amma bunu rəhbərliklə və idman direktoru ilə danışacağıq. Bu haqda hələ heç nə deyə bilmərəm.
Ümid edirəm ki, azarkeşləri yenidən tribunalara qaytaracağıq. “Neftçi”nin necə tarixi klub olduğunu yaxşı bilirəm, yaxşı dərk edirəm. Düşünürəm ki, yaxşı futbol oynasaq, azarkeşlər tribunanı dolduracaq”.
Xatırladaq ki, “Neftçi” bu gün Rumıniyadan olan baş məşqçisi Adrian Mutu ilə yollarını ayırıb. Paytaxt klubunda rumın baş məşqçini monteneqrolu Miodraq Bojoviç əvəzləyib. 55 yaşlı mütəxəssislə 6 ay + 1 illik müqavilə imzalanıb. O, yeni işinə yanvar ayında başlayacaq təlim-məşq toplanışından etibarən start verəcək.


