Uzun illərdir “Qarabağ”a rəhbərlik edən Qurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisinin yubileyi Azərbaycan Premyer Liqasının 18-ci turuna təsadüf edib.
Ağdam klubu səfərdə “Zirə” ilə görüşüb. 51 yaşlı mütəxəssisin yetirmələri 500-cü qarşılaşmada 1:0 hesabı ilə qalib gəliblər.
Qurbanov karyerası ərzində iki kluba – “Neftçi” və “Qarabağ”a rəhbərlik edib. Onun yetirmələri 500 görüşdə 312 qələbə qazanıb, 117 heç-heçə edib və 71 dəfə uduzublar.
Qurban Qurbanov Premyer Liqadakı oyun sayında mütləq rekordçudur. İkinci sırada olan Qəhrəman Əliyevin hesabında 381 matç var.
Qeyd edək ki, mütəxəssisin Azərbaycan çempionatındakı debütü 2006/07 mövsümündə gerçəkləşib. 2006-cı il avqustun 6-da Qurbanovun baş məşqçisi olduğu “Neftçi” “Gənclərbirliyi”ni 6:1 hesabı ilə məğlub edib.


