“Lokomotiv”in sabiq prezidenti Nikolay Naumov belə hesab edir ki, hazırda Azərbaycanda Miodraq Bojoviçdən güclü məşqçi yoxdur.
Arena.az xatırladır ki, monteneqrolu mütəxəssis Miodraq Bojoviç futbolumuzun flaqmanı “Neftçi”nin baş məşqçisi vəzifəsinə təzəlikcə təyin edilib.

Naumov Rusfootball.info saytına müsahibəsində Bojoviçin “Neftçi”yə baş məşqçi təyin edilməsi haqda fikirlərini paylaşıb:
“Bojoviç üçün düşünürəm ki, bu, onun karyerasının davamı üçün pis deyil. Bakı “Neftçi”si – məşhur klubdur. Düşünürəm ki, Azərbaycanda ən güclüdür. Xatirimdədir, necəsə onlar bizim komandalarla oynamışdılar. Buna görə mənə elə gəlir ki, Bojoviç üçün bu, yaxşı seçimdir.
Onun təyinatının “Neftçi” üçün yaxşı olub-olmamasına gəlincə, onda mən Bojoviçin yaradıcılığına elə də birmənalı yanaşmıram. O, hansısa köhnə mayaya gəlir – guya hər şey qaydasında alınır. Bir il, ikincisi, sonra isə hər şey uçulur. Onun bütün komandaları məhz belə çıxış edirdilər. Ona görə də mənə elə gəlir ki, çətin ki, bu, Bakı “Neftçi”si üçün böyük dayaq olsun. Buna rəğmən, bu, məşhur məşqçidir. Düşünmürəm ki, Azərbaycanda ondan güclü məşqçilər var. Baxaq, nə alınacaq. Birmənalı demək ki, o, indi orada komanda quracaq, olmaz. Mənə elə gəlir ki, bir-iki il və onun qovulduğu vaxt bizim klublardakı vəziyyətin eynisi olacaq”.
Xatırladaq ki, “Neftçi” ötən gün Rumıniyadan olan baş məşqçisi Adrian Mutu ilə yollarını ayırıb. Paytaxt klubunda rumın baş məşqçini monteneqrolu Miodraq Bojoviç əvəzləyib. 55 yaşlı mütəxəssislə 6 ay + 1 illik müqavilə imzalanıb.


