“Neftçi”nin daha bir futbolçusu – Reziuan Mirzov da komandanın yeni baş məşqçisi Miodraq Bojoviçin təyinatı haqqında fikirlərini bölüşüb.
Arena.az “ağ-qaralar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, kapitan rusiyalı futbolçu monteneqrolu çalışdırıcı barədə bunları söyləyib:
“Miodraq Bojoviçin Rusiya Premyer Liqasının bir çox klublarında işlədiyini bilirik. O, hardasa 10 il müddətində “Dinamo” (Moskva), “Lokomotiv” (Moskva), “Rostov”, “Arsenal” (Tula) kimi komandaların baş məşqçisi olub və yaxşı nəticələr qazanıb. Baş məşqçimiz mənim çox yaxşı tanıdığım bir çox insanlarla birlikdə çalışıb. Həmin şəxslər həm insan, həm də məşqçi kimi Bojoviç haqda yalnız yaxşı fikirlər səsləndirirlər. Deyirlər ki, yaxşı oyun qurur, hücum futbolu oynadır, komanda daxilində müsbət ab-hava yaradır, yaxşı nəticələr göstərmək üçün səylə çalışır. Mən şəxsən Miodraq Bojoviçlə işləməmişəm, amma bir-birimizi tanıyırıq, Rusiyada üz-üzə gələndə görüşüb söhbətləşirdik. O, Rusiya Premyer Liqasında işlədiyi dönəmdə mən də orada çıxış etmişəm. Düşünürəm ki, mənim güclü və zəif tərəflərimi, nəyə qadir olduğumu bilir. Çox şadam ki, komandamızı belə bir məşqçi çalışdıracaq. Ümid edirəm ki, onun rəhbərliyi altında hər şey istədiyimiz kimi alınacaq və turnir cədvəlində mümkün qədər çox irəliləyəcəyik”.
Xatırladaq ki, Miodraq Bojoviç “Neftçi” ilə ilyarımlıq müqavilə bağlayıb. O, bu postda rumıniyalı Adrian Mutunu əvəzləyib. Monteneqrolu mütəxəssis paytaxt klubundakı işinə yanvar ayının əvvəlində start veriləcək təlim-məşq toplanışında başlayacaq.
“Neftçi” Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk iki dövrəsindən sonra 28 xalla 3-cü pillədə qərarlaşıb.


