İngiltərənin “Vest Hem” klubu dayaq yarımmüdafiəçisi Tomaş Souçek ilə müqavilənin müddətinin artırıldığını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
28 yaşlı futbolçu ilə yeni sözləşmə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.
Xatırladaq ki, Tomaş Souçek 2020-ci ilin yanvarından “Vest Hem”in uğurları üçün çalışır. Çexiyadan olan futbolçu İngiltərə klubunda 182 matçda forma geyinib. O, bu oyunlarda 30 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.
Təcrübəli yarımmüdafiəçi daha öncə ölkəsində “Slaviya” (Praqa), “Viktoriya” (Jijkov) və “Slovan” (Libereç) klublarının da formasını geyinib.
Souçek 2016-cı ilin noyabr ayında debüt etdiyi Çexiya milli komandasında 66 oyun keçirib. Hazırda millinin kapitanı olan futbolçu bu oyunlarda 12 qol vurub, 3 assist müəllifi olub.


