Harri Keyn qol və məhsuldar ötürmə cəmində liderdir

“Bayern”in ingilis hücumçusu Harri Keyn səmərəli fəaliyyət miqdarına görə böyük futbol beşliyi liqalarında 2023-cü ilin ən yaxşısıdır.

Arena.az məlumat verir ki, qolların və məhsuldar ötürmələrin cəmi üzrə Keyn 2023-cü ildə 45 səmərəli fəaliyyətə malikdir.

Vurğulayaq, Harri Keyn ötən ilin birinci yarısını “Tottenhem”də keçirib.

Bu göstəricidə 2-ci yeri “Liverpul”un misirli sağ vingeri Məhəmməd Salah və PSJ-nin fransalı mərkəz hücumçusu Kilian Mbappe tutblar. Hər iki hücumçunun hesabında 39 səmərəli fəaliyyət var. İlk üçlüyü “Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland qapayır. “Qolçi vikinq” 38 səmərəli fəaliyyətə malikdir.

“İnter”in argentinalı mərkəz hücumçusu Lautaro Martines və “Atletiko”nun fransalı mərkəz hücumçusu Antuan Qrizmann 34 səmərəli fəaliyyətlə 4-cü sırada qərarlaşıblar. Ötən il “Lans” və “Leypsiq”də çıxış etmiş belçikalı mərkəz hücumçusu Lui Openda 33, “Aston Villa”nın ingiltərəli mərkəz hücumçusu Olli Uotkins isə 32 səmərəli fəaliyyətə nail olub.

Maraqlıdır ki, Məhəmməd Salahdan başqa siyahıda yer almış bütün futbolçular sırf mərkəz hücumçusu mövqeyində çıxış edirlər. Sağ cinah vingeri olmasına rəğmən, səmərəli fəaliyyəti ilə adlı-sanlı gənc mərkəz hücumçularına dərs keçən veteran Salahın yüksək səviyyəsini mütəxəssislər bir daha vurğulayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: