Münhen otelinin idarəçisi: “Keyn ən sadə qonaqlarımızdan biri idi”

“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keynin yaşadığı Münhen otelinin idarəçisi ulduz futbolçunun davranışı haqda danışıb.

Arena.az “Goal” dərgisinə istinadən, bu söhbəti diqqətinizə çatdırır:

“O, indiyə qədər qəbul etdiyimiz ən sadə qonaqlardan biri idi. Biz yalnız uşaqlar üçün xüsusi nəsə bir şey edirdik. Məsələn, biz otağa bir viqvam qoymuşduq ki, oynasınlar. Onlara damdakı terras hovuzundan xüsusi istifadəyə də icazə verilmişdi. Amma Harri özü üçün heç bir xüsusi arzu-istək xahiş etmədi. Biz onun üçün böyük şokoladlı “Alyans Arena” hazırlamışdıq, amma o qənnadı sexinə toxunulmaz qayıtdı. Yəqin ki, onun üçün orada çox şəkər vardı. Keynlər gizlənmirdilər. Onlar çox mütəvazi, çox əlçatan idilər”, – deyə otelin idarəçisi Keynlər ailəsi haqda xoş xatirələrini paylaşıb.

Harri Keyn “Tottenhem”in yetirməsidir. Keyn cari ilin yay transfer pəncərəsində 100 milyon avro qarşılığında “Tottenhem”dən “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 25 qol vurub, 8 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, Keyn 21 qolla cari mövsüm Almaniya Bundesliqasının ən sərrast futbolçusudur. Həmçinin ingilis hücumçu 2023 təqvim ilində 52 qol vurub və bu göstəricidə PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe ilə 2-ci yeri bölüşür. Hər iki hücumçu “Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldodan 2 qol geri qalıblar, 2023 təqvim ilində Ronaldo 54 qola imza atıb.

Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı Keyni 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: