Andrey Lunyov: “İlin əvvəli o qədər iyrənc idi ki…”

Azərbaycan çempionu “Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov geridə qalmış 2023-cü ili özü üçün dəyərləndirib.

Arena.az xəbər verir ki, 32 yaşlı qolkiper “Matç TV”-yə açıqlamasında 2023-cü ilin onun üçün çox pis başladığını bildirib:

“İlin əvvəli o qədər iyrənc idi ki, bundan pis olacağını düşünmək belə mümkün deyildi. Amma ilin sonunda hər şey düzəldi. İnanırdım ki, hər şey yoluna düşəcək. Bunun üçün bütün imkanlarımı səfərbər etmişdim. Əziyyətimin hədər getməməsi məni sevindirir”.

Təcrübəli qapıçı öz çıxışını dəyərləndirib: “Zədədən sonra futbola qayıtdım. Bu da mənim üçün ən vacibidir. Çoxları zədənin ağır nəticələr verə biləcəyini deyirdi. Lakin hər şey yaxşı qurtardı. Ona görə də özümə “4+” qiymətini verərdim”.

Lunyov 2024-cü ildən gözləntilərini də açıqlayıb: “Qarşıma konkret hədəf qoymuram. Əvvəllər necə çalışırdımsa, yeni ildə də maksimum məşq edəcəyəm. Əsas odur ki, zədə olmasın”.

Xatırladaq ki, Andrey Lunyov “Qarabağ”a 2023-cü ilin avqust ayında Leverkuzen “Bayer”indən azad agent qismində qoşulub. Rusiyalı qapıçının “Qarabağ”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Lunyov “Qarabağ”ın heyətində 15 oyuna çıxıb, 14 qol buraxıb, 7 oyunda qapısının toxunulmazlığını təmin edib.

Lunyov 2017-ci ilin oktyabrında debüt etdiyi Rusiya yığmasının heyətində 7 oyun keçirib, 14 qol buraxıb. O, karyerası ərzində “Kaluqa”, “Ufa”, “İstra”, “Saturn”, “Torpedo” (Moskva), “Zenit” kimi klubların da formasını geyinib.

“Transfermarkt” internet-portalı Andrey Lunyovu 1 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: