İspaniya Super Kubokunun yarımfinal mərhələsinin “Real” – “Atletiko” oyununu idarə etmək hakim Xavyer Alberola Roxasa tapşırılıb.
Arena.az məlumat verir ki, hakim Xavyer Alberola Roxasın adı qalmaqallı “Neqreyra işi”ndə keçir.
Belə ki, sözügedən ədalət təmsilçisi oyunlarda “Barselona”ya kömək etməkdə şübhəli bilinir.
Xatırladaq ki, Roxas 2023-cü ilin sentyabrında La Liqanın 6-cı turu çərçivəsində “Atletiko” və “Real” arasında keçirilmiş qalmaqallı oyunda hakimlər briqadasına rəhbərlik edib. Həmin oyunda “döşəkçilər” “kral klubu”nu gözlənilmədən 3:1 hesabı ilə məğub ediblər. Bu məğlubiyyət “Real” üçün cari mövsümdə ilk və yeganə məğlubiyyət olaraq qalır.
Vurğulayaq ki, həmin oyunda Roxas bir neçə kobud səhvə yol verib. Bu xətaların hamısı oyunun axarına və nəticəsinə təsir baxımından əhəmiyyətli dərəcədə səciyyəvidir. Oyunun 3-cü dəqiqəsində Roxas “Atletiko”nun hücumçusu Alvaro Moratanın vurduğu qoldan əvvəl Cud Bellingemə qarşı aşkar kobudluğu qeydə almayıb. Birinci hissənin sonunda isə Antonio Rüdigerin mövqeli oyundankənar vəziyyətə düşməsi səbəbindən Eduardo Kamavinqanın təmiz qolunu ləğv edib. Həmçinin Roxas “Atletiko”nun müdafiəçisi Xose Ximenesin aşkar qayda pozuntusu ilə müşayiət edilən kobud oyunu müqabilində qırmızı vərəqə göstərməyib.
İspaniya Super Kubokunun yarımfinal mərhələsinin “Real” – “Atletiko” oyunu yanvarın 10-da keçiriləcək. Hakim Roxas oyunun başlanğıc fitini Bakı vaxtı ilə saat 23:00-da səsləndirəcək. İkinci yarımfinal oyununda isə “Barselona” və “Osasuna” komandaları qarşılaşacaqlar.


