Elnur Cəfərov “Kəpəz”dən getdi – Rəsmi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in yarımmüdafiəçisi Elnur Cəfərov icarəyə verilib.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yarımmüdafiəçi 2023/2024 mövsümünün sonuna kimi Birinci Liqa təmsilçisi “İmişli”də oynayacaq.

Elnur Cəfərov “Kəpəz”ə 2023-cü ilin fevralında “Qaradağ Lökbatan”dan azad agent kimi keçib. 26 yaşlı sağ cinah vingeri Gəncə klubunun əsas komandasında 17 oyunda forma geyinib və cəmi 1 məhsuldar ötürmə müəllifi olub.

“Xəzər Lənkəran”ın yetirməsi olan, peşəkar karyerasına da bu komandada başlamış Elnur Cəfərov sonradan Portuqaliyanın “Tondela”, Xorvatiyanın “Duqopolye” klublarında legioner həyatı yaşayıb. O, “Neftçi”, “Keşlə” və “Sumqayıt”da da forma geyinib. Yarımmüdafiəçi 2020-ci ildən “Qaradağ Lökbatan”da çıxış edirdi. O, Azərbycanın U-17, U-19 və U-21 yığmalarında oynayıb, hətta əsas millimizdə də 1 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: