Harri Keyn Robert Levandovskinin rekordunu təkrarladı

Bundesliqanın 17-ci turunun “Bayern” – “Hoffenhaym” oyunu münhenlilərin ingilis hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu “Bayern”in sabiq hücumçusu Robert Levandovskinin rekordunu təkrarlayıb.

30 yaşlı forvard buna “Hoffenhaym”a 3:0 hesabı ilə qalib gəldikləri matçda qol vurmaqla nail olub. Komandasının üçüncü qolunu vuran Keyn cari mövsümdə çempionatda 22-ci dəfə fərqlənib. Beləliklə, Keyn Bundesliqanın ilk dövrəsində vurduğu qolların sayına görə polşalı həmkarına çatıb.

Harri Keyn “Tottenhem”in yetirməsidir. O, cari ilin yay transfer pəncərəsində 100 milyon avro qarşılığında “Tottenhem”dən “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 26 qol vurub, 8 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, Keyn 22 qolla Almaniya Bundesliqasının cari mövsümünün ən sərrast futbolçusudur.

Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı Keyni 110 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Almaniya Bundesliqasının cari mövsümündə 16 oyuna 41 xal toplamış “Bayern” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Turnir cədvəlinə 42 xala malik “Bayer” başçılıq edir. “Ştutqart” isə 34 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: