Qurban Qurbanov: “Xaricdə olsaydıq, rəqib bununla razılaşmazdı”

“Qarabağ”n baş məşqçisi Qurban Qurbanov bu gün “Zirə”yə qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, 2023/2024 mövsümünün ikinci yarısına hazırlığı davam etdirən Ağdam klubu bu gün “Azərsun Arena”da qarşılaşdığı “Zirə”yə 4:0 hesabıyla qalib gəlib.

Matçdan sonra baş məşqçilər oyunla bağlı fikirlərini bölüşüblər. Qurban Qurbanov qarşılaşma barədə bunları söyləyib:

“Ümumilikdə pis oyun alınmadı. Yaxşı hazırlıq matçı oldu. Rəşad Sadıqovla əvvəldən razılaşmışdıq ki, görüşdəki dəqiqələrin sayı çox olsun. Biz də bütün futbolçulara şans verə bilək. İlk oyunumuz olduğu üçün səhvlər çox idi. Qış toplanışı ölkə xaricində də olsaydı, güclü rəqiblə bir matç keçirəcəkdik. Digər rəqib daha zəif ola bilərdi. Bakıda öz ikinci komandamızla oynayıb bunu kompensasiya edə bildik. “Zirə” çox ciddi rəqibdir. Üstünlüyümüz onda oldu ki, istədiyimiz formatda oyun keçirdik. Xaricdə olsaydıq, bəlkə də rəqib bununla razılaşmazdı. Hazırlıq prosesi üçün vaxt az idi. Futbolçularımıza istirahət daha çox lazım idi. Toplanışda güclü rəqiblərlə 2-3 oyun keçirmək onlar üçün ağır olardı. Komandamız 2-3 matçdan sonra öz oyununa qayıdacaq”.

Təcrübəli mütəxəssis transferlər və heyətdəki oyunçularla bağlı fikirlərini də bildirib: “Leandro Andrade üçün rəsmi təklif almışdıq. Komandamızın hazırda futbolçuya ehtiyacı var. Onu komandada saxlamağa çalışdıq. Danışıqlar apardığımız bəzi futbolçular var. Lakin qarşı tərəfə görə bir az çətinlik çəkirik. Hücum xəttinə də oyunçu axtarırıq”.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının ağır məğlubiyyətini belə şərh edib:

“Oyundan əvvəl Qurban müəllim təklif etdi ki, dörd hissəli oyun keçirək, bütün futboçular meydana çıxa bilsin. Bu təklif bizi də qane edirdi. Sevindirici haldır ki, bütün futboçular 65-70 dəqiqə oynadılar. 12 günlük təlim-məşq toplanışımızı bu gün başa vurduq. Bundan sonra oyun həftəsinə giririk. Son hazırlıqlarımız olacaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: