Belçikanın “Antverpen” klubunun mərkəz yarımmüdafiəçisi Artur Vermeren bundan sonra Madrid “Atletiko”sunun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
18 yaşlı futbolçu ilə müddəti 2030-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. “Atletiko” bu transfer üçün 18 milyon avrosundan keçib.
Artur Vermeren “Antperven”in öz yetirməsidir. O, 2022-ci ilin iyul ayından bu klubun əsas komandasında çıxış edirdi. Yarımmüdafiəçi bu komandada 66 oyuna çıxıb, 3 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.
Belçikanın U-17, U-18, U-19 və U-21 yığmalarında da oynamış Vermeren yaşının azlığına baxmayaraq, artıq əsas millidə də forma geyinir. O, 2023-cü ilin oktyabrında debüt etdiyi Belçika milli komandasının heyətində 2 oyuna çıxıb.

Madrid “Atletiko”su qapıçısı İvo Qrbiçlə də yollarını ayırıb. Xorvatiyadan olan 28 yaşlı qolkiper İngiltərənin “Şeffild Yunayted”ə keçib. Transferin detalları açıqlanmasa da, Qrbiçin Premyer Liqa təmsilçisi ilə 2027-ci ilin 30 iyununa kimi müqavilə bağladığı məlum olub.
İvo Qrbiç “Atletiko”ya 2020-ci ilin yayında Xorvatiyanın “Lokomotiva” klubundan 3,5 milyon avro qarşılığında gəlmişdi. O, Madrid təmsilçisində bütövlükdə 14 oyun keçirib, 14 qol buraxıb və cəmi 4 matçda qapısının toxunulmazlığını qoruyub. O, bu müddətdə Fransanın “Lill” klubunda icarədə də olub. Qrbiç öz ölkəsində isə “Lokomotiva” (Zaqreb) və “Hayduk” (Split) klublarında forma geyinib. O, Xorvatiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, əsas millidə isə 2 oyun keçirib.



