“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 20-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, monteneqrolu mütəxəssis 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyb:
“Oyun gözlədiyimiz kimi ağır keçdi. “Qəbələ” xoşagəlməz vəziyyətdədir. Buna görə də onlar birinci hissədə müdafiəfə yaxşı oynadılar. Həm rəqibin, həm də bizim qol vurmaq üçün imkanlarımız var idi. İkinci hisssədə biz bir qol vurduq, rəqib azlıqda qaldı, ardınca ikinci qol da gəldi. Düşünürdük ki, bu qollardan sonra oyunumuz daha rahat keçəcək. Amma əksi oldu. Nəticədə rəqibə qol vurmağa imkan yaratdıq. Sona qədər narahatlıq içində idik. Amma ən əsası qələbə qazandıq və 3 xalı əldə etdik.
Azər Salahlı pis oynamadı. Bu, onun mövqeyi deyil. Azər Əliyev zədəlidir deyə, Salahlını həmin mövqedə istifadə edirik. Əliyev artıq zədəsini sağaldıb və bu mövqedə rəqabət olacaq”.
Miodraq Bojoviç Premyer Liqada ikinci olmaq və kuboku qazanmaq iqtidarında olduqlarını bəyan edib: “Məncə, komanda keyfiyyətinə görə buna qadirdir. Bu tapşırığı icra etməyə çalışacağıq. Vaxt məhdudiyyəti var. Vaxtımız kifayət qədər olsa, buna nail olmaq mümkündür. Yerinə yetirə bilməsək, baxarıq görək nələr baş verəcək. Bu komandanın keyfiyyəti var. Biz hazırda bir az səbr etməliyik. 24-cü gündür ki, bu işə başlamışıq. Bir az səbr edib keyfiyyəti artırmaq mümkündür. Burada olan hər kəs peşəkardır. Oyunda dərinliyi axtarmağa çalışırıq. Geriyə pas atdıqdan sonra sürətli cinah oyunçularını hücuma cəlb etmək istəyirik. Ona görə də belə uzun ötürmələr olur”.
“Neftçi” bu gün bizdən üstün deyildi” – Elmar Baxşıyev
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev isə komandasının növbəti məğlubiyyətindən sonra bunları söyləyib:
“Dinamik oyuna şahidlik etdik. Komandamın göstərdiyi əzmkarlıqdan razı qaldım. Əlbəttə, nəticə yoxdur. Biz də başa düşürük ki, futbolda ən önəmli şey nəticədir. Son oyunlarda futbolçulardan istədiyimizi alırıq. Amma nəticə baxımından komanda istədiyinə çatmır. Daha çox çalışmaq lazımdır. Səbəb çoxdur. Burada səbəbləri saysam, vaxt çox gedər. Səhvlərimizi görürük. Hər oyunda qapında penalti görəcəksənsə, qırmızı vərəqə alacaqsansa, şansın daha da az olacaq. Bunları azaltsaq, oyun planında daha da inkişaf edərik. Biz səhvlər edirik ki, qapımıza penalti olur. Verdiyimiz səhv qərarlardan sonra rəqib bizi cəzalandırır.
Bu məğlubiyyəti Atanqanaya bağlamazdım. Həbib gənc futbolçudur, talantı var. Amma indiki durumda Premyer Liqada oynayacaq səviyyədə deyil. İnkişaf dönəmini keçməlidir. Öz yaşıdları ilə oynamaq ayrıdır, belə peşəkar səviyyədə oynamaq ayrı.
Futbolda nəyisə sözlə həll etmək olmur. Daha çox güc sərf etməlisən, əzmkarlıq göstərməlisən ki, istədiyin nəticələri əldə edəsən. Futbolçularım təslim olmayıblar. Hesaba baxanda “Neftçi” qalib gəldi, amma futbol baxımından heç kim deyə bilməz ki, “Neftçi” bu gün bizdən üstün idi.
Transfer xatirinə transfer olmasını mən istəmirəm. Sərəncamımda olan futbolçular var. Heç kim Oçiqavaya, Afrikoya zəif futbolçu deyə bilməz. Ümid edirik ki, komanda toparlanıb nöqsanları aradan qaldıracaq və daha uğurlu olacaq”.


